BAKI, 27 may. TELEQRAF

Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanın daxili dövlət borcu 18 milyard 659,7 milyon manat və ya ÜDM-in 14,8 faizini təşkil edib.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Daxili dövlət borcunun 9 milyard 506 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızları, 9 milyard 153,7 milyon manatını isə dövlət öhdəliklərinə aid edilən “Aqrarkredit” QSC-nin buraxdığı dövlət zəmanətli qiymətli kağızlar təşkil edib.

Daxili maliyyə bazarında yerləşdirilmiş dövlət qiymətli kağızlarının 17,5 faizi 1 illik, 72,4 faizi 2 və 3 illik, 10,1 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşüb.

Qeyd edək ki, daxili dövlət borcunun məbləği ötən ilin əvvəli ilə müqayisədə 2 milyard 793,3 milyon manat həcmində artıb ki, bunun da səbəbi dövlət borcunun idarə edilməsi strategiyasına uyğun olaraq ölkədəki qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili borcla əvəzləşdirilməsi, habelə daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsi hesabına dövlət büdcəsi kəsirinin bağlanmasına vəsaitin yönəldilməsi olub.

2024-cü ilin dövlət büdcəsində nəzərdə tutulan dövlət borcuna xidmətlə əlaqədar xərclərin bank xərclərində il ərzində qənaət olunmuş 100 min manat məbləğində hissəsi isə “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.