BAKI, 7 may. TELEQRAF
Azərbaycan və Özbəkistanın müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetində (MMU) keçirilən görüşdə universitetin yaranma tarixi, fəaliyyəti və tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə brifinqlər təqdim olunub, hərbi təhsil sisteminin cari vəziyyəti təhlil edilib.
Səfər çərçivəsində özbəkistanlı qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunda, Xarici Dil Mərkəzində, Hərb Oyunları Mərkəzində və Heydər Əliyev adına Hərbi İnstitutda olublar. Nümayəndə heyətinə tədris prosesi barədə məlumat verilib, onlar müəssisələrin ərazisi və inzibati binalarında yaradılan şəraitlə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.