BAKI, 18 mart. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin struktur qrumlarında və hərbi hissələrində Novruz bayramı münasibəti ilə silsilə tədbirlər davam edir.

Xidmətin Mətbuat Mərkəzindən Teleqraf-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması istiqamətində görülən işlərdən, dövlət başçısının diqqət və qayğısı nəticəsində Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazasının daha da gücləndirilməsindən, şəxsi heyətin sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasından geniş danışılıb.

Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.

Bayram tədbirləri çərçivəsində hərbi hissələrdə konsert proqramları təşkil olunub, milli musiqilər səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim edilib. Novruzun rəmzi personajları olan Kosa və Keçəl maraqlı çıxışlarla şəxsi heyətə bayram əhval-ruhiyyəsi bəxş edib, tonqallar qalanıb, bayram süfrələri açılıb.

Novruz bayramının xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini və birlik ənənələrini özündə yaşatdığı vurğulanıb, bu dəyərlərin qorunub saxlanılmasının əhəmiyyəti qeyd edilib.

Tədbirlər yüksək əhvali-ruhiyyə və vətənpərvərlik ruhunda başa çatmış, şəxsi heyətə xidmətdə uğurlar arzulanıb.