BAKI, 8 oktyabr. TELEQRAF
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, üç ölkənin müdafiə nazirləri strateji tərəfdaşlıq məsələlərini və müdafiə sahəsində əməkdaşlığın inkişaf planlarını üçtərəfli formatda müzakirə edəcəklər.
Gürcüstanın müdafiə naziri İrakli Çixovani türkiyəli həmkarı Yaşar Gülər və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla ayrıca görüşlər keçirəcək.
Üçtərəfli görüşün yekununda müdafiə nazirlərinin birgə bəyannamə imzalayacağı və mətbuat üçün bəyanat verəcəkləri gözlənilir.
Qeyd edilib ki, müdafiə nazirlərinin növbəti görüşü gələn il Azərbaycanda keçiriləcək.