BAKI, 7 iyul. TELEQRAF

İyulun 10-dan Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə hərəkət edən qatarların tərkibinə əlavə 3 ədəd yataq tipli vaqon (hazırda ölkədaxili marşrutda istifadə olunan standart+ sinif vaqonlar) qoşulacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Teleqraf-a verilən məlumata görə, nəticədə hər reys üzrə 104 əlavə sərnişin yeri açılacaq və bir reys üzrə sərnişin yeri hazırkı 178-dən təqribən 60 faiz artaraq 282-yə çatdırılacaq.

Əlavə vaqonlara biletlər bu gündən satışa çıxarılıb. Bu vaqonlarda gediş haqqı hazırda istifadədə olan “Stadler” vaqonları üzrə biletlərin qiyməti ilə müqayisədə daha münasibdir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu ilə gediş haqqı məsafədən asılı olaraq standart+ sinif üzrə 40.30 AZN-dən başlayır. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 65.20 AZN, Yevlaxdan 53.30 AZN, Gəncədən 49.30 AZN, Ağstafadan isə 45.30 AZN-dir. Böyük Kəsikdən Tbilisi vağzalı və Qardabani stansiyasına isə müvafiq olaraq 43.40 və 40.30 AZN təşkil edir.

Xatırladaq ki, hazırda Bakıdan Tbilisiyə “Stadler” vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 79,5 AZN,Gəncədən isə 58.20 AZN-dir.

Beləliklə, son yenilik sayəsində daha çox sərnişinin Bakı–Tbilisi–Bakı marşrutu ilə daha münasib qiymətə səfər etməsinə imkan yaranır.

Qeyd edək ki, “Stadler” tipli vaqonlarla müqayisədə marşruta əlavə edilən standart+ tipli yataq vaqonlarında ödənişsiz baqaj norması bu vaqonların texniki xüsusiyyətləri və konstruktiv imkanları nəzərə alınaraq 36 kq müəyyən edilib.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə standart+ vaqonlarında səyyar keytrinq, yəni mobil satış xidməti təşkil olunacaq.

Əlavə olaraq bildirək ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 may – 6 iyul tarixlərində 25 minə yaxın bilet satılıb və 14 minə yaxın sərnişin daşınıb. Bundan 6356 nəfər Tbilisi, 4343 nəfər Bakı, 1112 nəfər Gəncə, 808 nəfər Yevlax, 520 nəfər Ağstafa və digər stansiyalardan qatara minik edib. Bu da Bakı–Tbilisi–Bakı marşrutu üzrə səfər edənlərin təqribən 40 faizinin bölgələrin payına düşdüyünü göstərir.

Ümumilikdə 2026-cı ilin 6 ayında dəmir yolu ilə 5,4 milyondan çox sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisi (4,6 milyon nəfər) ilə müqayisədə 20 faizə yaxın artım deməkdir.