BAKI, 24 iyun. TELEQRAF

Azərbaycan Hava Yollarının (AZAL) 24 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Bu barədə Teleqraf-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətidən məlumat verilib.

Bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.