BAKI, 24 iyun. TELEQRAF
Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə 20 minə yaxın bilet alınıb. Bunlardan təxminən 5 min bilet kassalarda satılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O bildirib ki, 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan Tbilisiyə isə 492 nəfər səfər edib: Əks istiqamətə, yəni Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.
Azər Fərəcov sosial şəbəkələrdə Bakı–Tbilisi qatarlarının dolu olmaması ilə bağlı iddialara da toxunub:
"Qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu təbiidir, çünki sərnişinlərin heç də hamısı səfərinə Bakı Dəmiryol Vağzalından başlamır. Məlum olduğu kimi, Bakı–Tbilisi–Bakı qatarları həmçinin Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanır və bu stansiyalardan da sərnişinlər qatara minirlər.
Sosial mediada olan elanları və paylaşımları yaxından izləyirik, araşdırırıq. Həmçinin satış statistikaları və sərnişinlərin bilet alışı üzrə davranışları mütəmadi təhlil olunur. Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki qeyd etdiyim kimi, hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilməlidir və sonradan başqa şəxsə ötürülməsi və ya biletlərin əvvəlcədən alınıb sonradan istənilən şəxsə satılması mümkün deyil. Yəni sistem alınmış biletin başqasının adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər, bu halda isə həmin bilet yenidən açıq satışa verilir. Sistemin bu cür qurulması bilet satışında sui-istifadə hallarına, xüsusilə hansısa vasitəçi şəxslər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan yenidən satılmasına imkan vermir".