BAKI, 25 sentyabr. TELEQRAF

Metronun “B-04” stansiyasının tikinti işləri 2026-cı ilin sonunadək yekunlaşacaq.

Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib:

O bildirib ki, metronun “8 Noyabr” və “B-04” stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib və infrastrukturun əsas komponentlərindən olan dəmir yolu xətti çəkilib:

"Layihə çərçivəsində stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Ekskalatorlardan 12 ədədi artıq quraşdırılıb. “B-04” stansiyasının Cəlil Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı nəzərdə tutulub. Bunlardan 2 çıxış tam inşa edilib, 2 çıxışda tikinti-quraşdırma işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir. "Bənövşəyi" xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq".

***

10:11

“Bakı Metropoliteni” QSC tərəfindən Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verilib. “B-04” stansiyasında havalandırma və soyutma sistemləri quraşdırılır.

Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib:

"Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.
Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub. Hər bir quyudan suların xaric edilməsi məqsədilə suvurma sistemləri və daimi kommunikasiya xətləri çəkilir.

Elektrik yarımstansiyası üçün dünyanın aparıcı istehsalçılarından gətirilmiş avadanlıqlar artıq quraşdırılır. Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının uzunluğu 144 metr olacaq. Buradan “8 Noyabr” stansiyasına qədər 1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri çəkilib".

Bəxtiyar Məmmədov bildirib ki, yollar "Bakı Metropoliteni"nin öz istehsalı olan dəmir-beton bloklar üzərində salınıb:

"Tunellərdə işıqlandırma sistemi və yüksək gərginlik üçün güc kabellərinin çəkilişi başa çatdırılıb. Hazırda təmas relslərinin quraşdırılması, həmçinin qatarların hərəkətini təmin edəcək işarəvermə sistemlərinin montajına hazırlıq işləri aparılır.
"Bakı Metropoliteni"nin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.
Ərazinin relyefi nəzərə alınaraq 29–31 metr dərinlikdə inşa olunan “B-04” stansiyası 167,7 metr uzunluğa malik olub, 4 səviyyədən ibarətdir. Səviyyələrarası keçidlər üçün 19 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün isə 5 lift nəzərdə tutulub. Stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq. Hazırda onların ikisinin inşası başa çatdırılıb, digərlərində isə işlər davam etdirilir".