Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş tərəfin vəkili hakim tərkibinə etiraz edib.
Məhkəmə etirazı baxılmamış saxlayıb.
Daha sonra zərərçəkmiş Sənubər Muradova ifadə verib. O bildirib ki, hadisədən qabaq yoldaşı ilə marketdən qayıdırmışlar:
"Qarşımızda maşın var idi. Biz dəfələrlə uzaq işıqla yol istədik. Sonra bu hadisə baş verdi. Qəzadan sonra eşitmə qabiliyyətimi itirmişəm. Təqsirləndirilən şəxsin tərəfdarları tərəfindən təhqirə məruz qalmışam. Xahiş edirəm ədalətli qərar verəsiniz".
Şahid qismində ifadə verən İlham İbrahimov bildirib ki, hadisə vaxtı "Bravo" mağazası tərəfdə olub: "Qəza səsi eşitdim, maşınımla o tərəfə getdim. Mən yaxınlaşanda İlduzə xanımın maşını yolun ortasında dayanmışdı. İlduzə xanım özündən getmişdi. Onu maşının arxa oturacağında əyləşdirdik. Yanındakı şəxlər məndən onu xəstəxanaya aparmağımı xahiş etdilər. Mən də xəstəxanaya apardım. İlduzə xanım xəstəxanada təxminən 30 dəqiqə qaldı, ardınca onları evə apardım".
Daha sonra sənədlərin tədqiqi mərhələsi başlanıb.
Müdafiə vəkilləri məhkəmədən qəzanın cüzi sürtünmə və ya sürətlə idarə olunmasına görə baş verməsinin araşdırılması, həmçinin kompleks avtotexniki ekspertizanın təyin olunmasını xahiş ediblər.
Vəsatət təmin olunub, ekspertiza rəyi təqdim olunana kimi proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə "Arzum" cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktokerin barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.
Hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı “Changan” markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.