BAKI, 3 avqust. TELEQRAF
Külli miqdarda mənimsəmədə və başqa cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nemət Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs ifadə verib.
O bildirib ki, özünü Cinayət Məcəlləsinin yanlız 314-cü maddə üzrə təqsirli hesab edir:
"2023-cü ilin mart ayında bina təmirə bağlandı. Əməkdaşlarımız da onlayın iş rejiminə keçdi. Binada təmir getdiyi üçün əməkdaşların işə gəlməsi xoşagəlməz hadisə ilə nəticələnə bilərdi. Onlayn iş rejiminə keçidlə bağlı rəhbərliyin razılığı vardı".
Prosesdə daha sonra təqsirləndirilən şəxs prokurorun suallarını cavablandırıb.
Mehdi Əmrahov bildirib ki, təmir müddətində 54 işçi onlayın işləyib: "Binanın bağlanması ilə bağlı səhiyyə nazirinin əmri yox idi. Bu məsələni rəhbərlik qarşısında qaldırdım. Dedim, əgər kimsə xəsarət alsa, problem olacaq. Kurator cavab verdi ki, gərək nazirin icazəsi olsun. Nazirə məruzə edildi, işin gedişatına mane olmamaq şərtilə onlayn rejimə icazə verildi.
İttihamda yazıblar ki, kimdənsə pul alıb kiməsə pul vermişəm. Mən belə şeylər etməmişəm. Bəs özümü niyə qismən təqsirli bilirəm? Çünki işə kifayət qədər nəzarət edə bilməmişəm".
Dövlət ittihamçısı onunla əlaqəsi olmayıbsa, istintaq zamanı 160 min manat ziyanı niyə ödədiyini soruşub. Mehdi Əmrahov cavab verib ki, ona istintaq zamanı ziyanı ödəmədiyi təqdirdə həbs olunacağı deyilib. Bunun üçün 30 min manat ziyanı ödəyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2025-ci ildə nazirlik onun fəaliyyəti ilə bağlı komissiya yaradıb və iki ay ərzində yoxlama aparılıb. Lakin yoxlama nəticəsiz qalıb: "Bizim fəaliyyətimizdə nöqsan aşkarlanmadı. Komissiyanın yaradılması barədə mənə məlumatı nazirlikdən Rüfət Hacıbəyov bildirdi".
Şahid qismində dindirilən Yeganə Eyvazova kadrlar şöbəsində işlədiyini deyib: "2023-cü ildə işçilər onlayn şəkildə işləyirdilər. Mən Əmrahovun əmri ilə işçilərə tam iş günü yazmışam. Mənə deyilənə görə, binada təmir aparıldığı üçün iş onlayn rejimə keçirilib. Mehdi Əmrahov işçilərin kartlarını mənə vermişdi. Pulları çıxarıb gətirib ona verirdim.
Mən təkbaşına yaşayıram, öhdəmdə övladım var. İşimi itirməməkdən ötəri onun dediklərini edirdim. Mən verilən tapşırıqları yerinə yetirmişəm".
Növbəti məhkəmə prosesi sentyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
İttihama görə, Mehdi Əmrahov 12 nəfər işçinin əmək haqqını mənimsəyib, vəzifə saxtakarlığı edib.
Təqsirləndirilən şəxs nazirliyin 783 min manatdan çox vəsaitini mənimsəməkdə ittiham olunur.
Səhiyyə Nazirliyi təqsirləndirilən şəxsə 670 min manat dəyərində mülki iddia qaldırılıb.
Mehdi Əmrahova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.