BAKI, 1 iyul. TELEQRAF

“Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektoru Heydər Eyvazlı, Tamerlan Axundzadə, tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyevin cinayət işi məhkəmə prosesi başlayıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Zaur Haşımovun vəkili vəsatətlə çıxış edərək bildirib ki, müvəkkilinin həbsdə saxlanılması qanunsuzdur: "Hüquqlarını müdafiə etdiyim Zaur Haşımov vəzifə təlimatına uyğun vəzifəsini yerinə yetirib. Yüklərin limana gəlməsi üçün Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin möhürü olub. Haşımov da bu təlimata uyğun işini görüb. Onun istintaqdan yayınmaq, istintaqın işinə təsir göstərmək niyyəti yoxdur. Onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirik".

Digər təqsirləndirilən Amil Cəbrayılovun, Tamerlan Axundzadə, Fərrux Haqverdiyev, Fərid Usubovun vəkilləri də eyni məzmunlu vəsatətlə çıxış ediblər.

Tamerlan Axundzadənin vəkili çıxışı zamanı deyib ki, müvəkkili gömrük işçisi olub, 44 günlük vətən müharibəsində iştirak edib, təltif olunub, müsbət xarakterizə olunub. Vəkil bu halların nəzərə alınmasını hakimlər heyətindən xahiş edib. Vəsatətə münasibət bildirən Tamerlan Axundzadə isə heç bir cinayət əməli törətmədiyini, özünü təqsirli bilmədiyini söyləyib.

Heydər Eyvazlının vəkili isə müvəkkilinə aid hissədə olan cinayət işinə xitam verilməsini, işin yenidən araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa qaytarılması vəsatəti ilə çıxış edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını, işin məhkəmə baxışına verilməsini deyib.

Daha sonra hakimlər heyəti hazırlıq iclasının qərarını açıqlayıblar. Təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən verilən vəsatətlər təmin olunmayıb, iş məhkəmə baxışına təyin edilib.

Məhkəmə baxış iyulun 15-də keçiriləcək.

Xatırladaq ki, təqsirləndirilən Rəşad Daşdəmirov, Zaur Haşımov, Fərrux Haqverdiyev, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə barəsində həbs, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev barəsində isə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrə istintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin baş direktoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov, Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, Tamerlan Axundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsinin Əməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilə daşınması və saxlanmasını həyata keçirən Elçin Rüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgər İsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinə girməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasından ümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi ilə qeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq olaraq 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satış məqsədi ilə saxlama) və 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, Heydər Eyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev, Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyev barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.
Ruslan Eyyubov daha sonra səhhəti ilə əlaqədar məhkəmənin qərarı ev dustaqlığına buraxılıb. Hazırda Ruslan Eyyubovun cinayət işi üzrə istintaq araşdırması davam edir.

Qeyd edək ki, ötən ilin dekabr ayının 23-də Baş Prokurorluğun Mətbuat xidməti qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsulların gətirilməsi ittihamı bir sıra vəzifəli şəxsin saxlanılması ilə bağlı məlumat yaymışdı. 2026-cı ilin iyun ayının 5-də isə saxlanılanlardan biri olan Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bundan başqa, Zaur Gülməmmədov, Vüsal Sadıqov, Samir Qəhramanbəyli, Elşən Əhmədov, Elçin Əsgərov, Amid Saidov, Emin Nəzərov və Şahin Heydərovun cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.