BAKI, 1 iyul. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə məhkəmə tərkibində dəyişiklik edildiyi məlum olub.

Hakim tərkibində olan Mahirə Kərimovanı digər hakim Nemət Məmmədov əvəzləyib. Tərəflər yeni tərkibdə etiraz etməyiblər.

Daha sonra şahid qismində ifadə verən Aydın Alxasov bildirib ki, İlqar Mustafayevlə şəxsi tanışlığı olub, Dənizkənarı Bulvar İdarəsinə işə düzəlmək üçün müraciət edib: "Əvvəlcə velosiped təmirçisiydim. İşlənmiş velosipedləri yeniləmək lazım idi. Bir il işlədim, amma bacarmadım. 2022-ci ildə qarajda mexanik işlədim. Əməkhaqqını bank kartı ilə alırdım. Karta 600-700 manat köçürdü. Qalanını əlbəəl alırdım".

İlqar Mustafayev şahidi tanıdığını, onu işə götürdüyünü etiraf edib.

Digər şahid Tural Mirzəyev bildirib ki, bulvarda obyektlərdən icarə haqlarını alaraq təqsirləndirilən Fuad Babayevə təhvil verib.

Arayış verən Fuad Babayev şahidi tanıdığını söyləyib. Deyib ki, 2018-ci ildən 2019-cu ilin sentyabrına qədər o, idarədə kassir işləyib, kassir işləmədiyi müddətdə ondan icarəhaqqı qəbul etməyib.

Şahid icarə pullarını müdiriyyətin tapşırığı ilə yığıb Fuad Babyevə verdiyini deyib.

Tural Mirzəyev isə 2020-ci ildən sonra Bulvar İdarəsinə daha pul vermədiyini söyləyib. Təqsirləndirilən Fuad Babayev Tural Mirzəyevdən pulları alıb, Bulvar İdarəsinə təhvil verdiyini bildirib.

Növbəti proses iyulun 10-da davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.