BAKI, 17 iyun. TELEQRAF

Ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqəda məsuliyyətə cəlb olunan “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağər Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxslərə, həmçinin zərərçəkmiş şəxslərin hüquqi varislərinə hüquq və vəzifələri izah edilib.
Dövlət ittihamının prokuror Cövdət Mehrəliyevin təmsil etdiyi məlum olub.
Prokuror cinayət işinin məhkəmə baxışına təyin edilməsinə, seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını təklif edib.

Mərhum Samir Məhəmədovun hüquqi varisi, həyat yoldaşı Marta Məmmədova və mərhum Könül Hümbətovanın hüquqi varisi, atası Bəlibəy Hümbəvun vəkili Xeyransa Babayeva işin ibtidai istintaqa qaytarılmasını istəyib. Deyib ki, bu işdə əsil günahkar - orada fəaliyyət göstərən Loft Klinikasının sahibi, həm də eyni adla olan restoranın sahibi olan biznesmen Vüqar Abbasov məsuliyyətdən kənarda qalıb və bu işdə zərərçəkmiş qismində tanınıb.

Vəkil Vüqar Abbasovun təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması üçün cinayət işi geri qaytarılmasını deyib.

Vəfat edən Arzu Qəmbərlinin hüquqi varisi, atası Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərov da vəsatətlə çıxış edib. Bildirib ki, Bəhruz Paşayev də, Vüqar Abbasov da bu işdə təqsirlidir: "Bu işdə ibtidai istintaq düzgün aparılmayıb. Vüqar Abbasov işdən yayındırılması üçün oyun qurulub. O da burada təqsirləndirilən şəxs qismində burada əyləşməlidir. Mənim övladımın ölümündə günahkar şəxs qanun qarşısında cəzasını alsın".

Məlum olub ki, Vüqar Abbasovla Bəhruz Paşayev dayı oğlu-bibi oğludurlar. İddialara görə, Bəhruz Paşayev bu işi üstünə götürüb və Vüqar Abbasov məsuliyyətdən kənarda qalması yayındırılıb. Amma Vüqar Abbasov cinayət işində zərərçəkmiş qismində tanınıb. Vəkil onun cinayət işində zərərçəkmiş qismində tanınmasını istəməyib.

Daha sonra hakimlər müşavirəyə yollanıblar. Müşavirədən qayıdan hakimlər vəsatətləri təmin etməyiblər.
Məhkəmə baxışı iyulun 30-a təyin edilib.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin – Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.
Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub.

Bundan başqa digər vəfat edən Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri olub.