BAKI, 3 iyun. TELEQRAF

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurovun cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Teleqraf xəbər verir ki, cinayət işi araşdırılması üçün hakim Emin Axundovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 9-na təyin edilib.

Qeyd edək ki, Zülfiqar Mansurov 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Qafar Abdullayev, Rəşad Nadirli və İsa Şəmsəliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib.

Xatırladaq ki, onlar əvvəlcə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma (311.3.1, 311.3.2 və 311.3.3) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdilər.