BAKI, 10 aprel. TELEQRAF

Bakıda saxlanılan əcnəbi vətəndaşlardan ibarət dəstə üzvləri - Sergey Safronov, Anton Draçov, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqliyın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını oxuyub.

İttihama görə, cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı Sergey Safronov, Dmitri Bezuqlıy, Aleksey Vasilçenko, Valeri Dulov, Anton Draçov, Dmitrii Fyodorov, Boris Timaşov və İlya Bezuqlıyın mütəşəkkil dəstə tərkibində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması tam olaraq sübuta yetirilib.

Onlar 4,153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə olan metadon dərman tabletləri və külli miqdarda 36,814 qram çəkidə psixotrop maddə əldə ediblər.

İttihama münasibət bildirən şəxslər özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, Sergey Safronov, Anton Draçev, Dmitri Bezuqlıy, Dmitri Fyodorov, Aleksandr Vayserov, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlıy, Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda) 234.4.3-cü maddələrlə yekun ittiham irəli sürülüb.