BAKI, 9 aprel. TELEQRAF

Xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Sevinc Məmmədova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Qeyd edək ki, istintaqla Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub.

Nəticədə Günay Məmmədova mayın 18-də klinikada ölüb.

Sevinc Məmmədova Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə ittiham olunub.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.