BAKI, 13 noyabr. TELEQRAF
Yarım milyard manatlıq vəsaiti leqallaşdırmaqda və vergidən yayınmaqda ittiham olunan Bahadır Qasımov, qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə hakimlər heyətinin tərkibində dəyişiklik edildiyi məlum olub.
Bundan əvvəl işə baxan hakim Anar Sadıqov bir müddət əvvəl elmi fəaliyyətlə məşğul olmaq üçün vəzifəsindən istefa verib. Məhkəmə Hüquq Şurası istefanı qəbul edib.
Məhkəmədə elan olunub ki, hakimlərin tərkibində dəyişiklik olduğu üçün cinayət işi üzrə araşdırma yenidən başlanır. Bu səbəbdən prosesdə təqsirləndirilən şəxslərin yenidən anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib, vəkillər müəyyən olunub.
Daha sonra məhkəmə istintaqının təzələnməsi barədə qərar verilib, dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən İkram Qasımov, Bahadur Qasımov, Cavid Əzizov, Anar Əhmədov və Vəli Əliyev özlərini təqsirli bilməyiblər. Fərhad Qasımov isə özünü qismən təqsirli bilib. Bildirib ki, ittihamda böyük məbləğlər yazılıb, həmin məbləğlərlə razı deyil.
Növbəti proses noyabrın 27-da davam edəcək.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinə qarşı əməliyyat keçirib.
Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər – Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov həbs ediliblər.
İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.
Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub.
Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.