BAKI, 1 iyun. TELEQRAF
Bakının Yasamal rayonunda tanışını anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan məşhur iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.
Hökmə əsasən, Emil Ağacanovun qətli anlaqsız vəziyyətdə törətdiyi və psixi problemləri olduğu qənaətinə gəlinib.
Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
İttihama görə, qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Uzun müddət sevgi münasibətində olduğu İradə ilə öz evində narkotikin təsriri altında dini mahnılara qulaq asıb. Daha sonra onu bıçaqlayaraq öldürüb.
Təqsirləndirilən barədə ilkin olaraq həbs qətimkan tədbiri seçilsə də, daha sonra onun anlaqsız vəziyyətdə olduğu nəzərə alınaraq psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunaraq polisin nəzarətinə verilib.
Qeyd edək ki, Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və “Port Baku” ticarət mərkəzində yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.
Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.
Emil Ağacanov barəsində Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.