BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanın Ali Məhkəməsi Rusiyada qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eldar Məhərrəmovun cinayət işinə baxıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 2008-ci il dekabrın 27-də Moskva vilayətinin Klin şəhərində baş verib.
Eldar Məhərrəmov quldurluqda və qətldə ittiham olunub.
O, həmin gün sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə kirayə qaldığı evdə birlikdə olarkən, qonaq gəlmiş Saxobata Babayevanı öldürmək qərarına gəlib. Məqsəd qadının üzərindəki “Nokia 5310” markalı mobil telefon, qırx və on qramlıq qızıl boyunbağıları, dəst sırğa, zümrüd qaşlı qızıl üzük, qızıl bilərzik, iki və ya üç əlavə üzük və on min rublu ələ keçirmək olub.
İttiham aktına əsasən, Eldar yaşadığı evdə S.Babayevanın baş nahiyəsinə çəkiclə üç zərbə endirib. Qadının yalvarışlarına məhəl qoymayıb, onu kəmərlə boğub.
Qadının meyitini hamam otağına apardıqdan sonra həyətə düşüb, zibil torbaları və şüşə ağardıcı məhlullar alaraq evə qayıdıb. Mətbəx bıçağı ilə meyiti hissələrə ayırıb, torbalara doldurub və həyətdəki zibil qablarına atıb.
Qətlə yetirdiyi şəxsin üzərində olan 30 min rubl (840 AZN) məbləğində qızıl-zinət əşyaları, 5 min rubl (142 AZN) dəyərində “Nokia 5310” markalı mobil telefonu və 10 min rublu (280 AZN) götürüb. Daha Azərbaycana gəlib.
Qətlin üstü isə 14 il sonra – 2022-ci ildə açılıb. Eldar Məhərrəmov Bakıda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.4 (Azərbaycan hüdudlarından kənarda - xüsusi amansızlıqla adam öldürmə), 12.1, 120.2.11 (Azərbaycan hüdudlarından kənarda - quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 12.1, 181.3.3-cü (Azərbaycan hüdudlarından kənarda – zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
“Tez-tez mübahisələri düşüb”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Yeganə Məhərrəmova ilə rəsmi ailə həyatı qurub və 2006-cı ilin sonlarında işləmək üçün Moskvanın Klin şəhərinə gedib:
“Bir il Rusiyada yaşadıqdan sonra övladım dünyaya gəldiyindən Bakı şəhərinə qayıtdım. Bir həftə qaldıqdan sonra yenidən Klin şəhərinə getdim. Orada “Russkiy klub” adlı restoranda administrator işlədim. Həmin restoranda ofisiant işləyən Yekaterina (həmin vaxtlar subay olduğundan soyadı Şikanova olub – red.) ilə tanış oldum və münasibətlərimiz yarandı.
Bir müddət sonra isə Klin şəhəri, Liteynaya küçəsində kirayə qaldığı evdə onunla birlikdə yaşamağa başladım. Elə həmin şəhərdə olarkən Yekaterinanın rəfiqəsi Saxobat ilə tanış oldum. Saxobat hansısa barda ofisiant işləyirdi. Yekaterina ilə birlikdə yaşamağa başladıqdan sonra isə Saxobat bir neçə dəfə bizə qonaq gəldi. Mənim Saxobat ilə hər hansı yaxın münasibətim olmayıb.
Saxobatın dediyinə görə, anası onu öz qohumlarından kimləsə evləndirmək istəyib. Ancaq Saxobat həmin şəxslə ailə qurmaq istəməyib və bunun üstündə anası ilə tez-tez mübahisələri düşüb”.
“Yekaterinaya deyəcəyini bildirdi”
Eldarın ifadəsinə görə, tanışlıqdan bir müddət sonra Saxobat onunla yaxınlığa cəhd göstərib: “Yekaterinanın xristian və bakirə olduğunu, bizim isə hər ikimizin müsəlman olduğumuzu onun diqqətinə çatdırdım. Saxobat mənimlə ailə həyatı qurmaqda israr edirdi. Mən ona ailəli olduğumu bildirdim.
Saxobat qız olduğundan onunla heç vaxt yaxınlıq etmək istəmədim. Son dövrlərdə Saxobat bizə tez-tez gəlir və hər dəfə ikimiz qaldıqda eyni söhbətləri açırdı. Mən də olanları Yekaterinaya danışacağımı bildirirdim. Belə olduqda Saxobat guya mənim onunla yaxınlıq etmək istədiyimi və qarşılıq almadığımdan ona şər atdığımı Yekaterinaya deyəcəyini bildirdi. Ona görə son vaxtlar Saxobat bizə qonaq gəldikdə, müxtəlif bəhanələrlə evdən gedirdim”.
“Öldüyünü anladım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 27 dekabr 2008-ci ildə saat 20 radələrində Saxobat yenə onlara qonaq gəlib, Yekaterina ilə evdə olublar:
“Qadınlar otaqda oturaraq söhbət edirdi. Mən mətbəx otağına keçdim, siqaret çəkdim. Sonra Yekaterina və Saxobatın yanına getdim. Yekaterina yemək bişirmək üçün mətbəx otağına keçdi. Saxobat məndən dedikləri barədə nə düşündüyümü soruşdu. Mən artıq bu söhbətləri bağlamağı və çıxıb getməyi təklif etdim. Əks halda bu söhbətləri Yekaterinaya danışacağımı dedim.
Saxobat özünə xəsarət yetirəcəyini, qızlığını pozub, sonra da polis idarəsinə gedərək guya mənim tərəfdən zorlandığı barədə şikayət edəcəyini dedi. Saxobata buna heç kimin inanmayacağını bildirdim. O isə “indi baxarsan” söylədi. Qorxdum, əsəbləşərək Saxobata bir şillə vurdum. Burnundan qan gəldi. O, pəncərə tərəfə gedərək pərdəni araladı, şüşəni sındırmaq istədi. Qorxdum ki, Saxobat özünü pəncərədən atar. Onun saçından tutaraq arxaya çəkdim. Məqsədim onu evdən qovmaq idi.
Saxobat bərkdən qışqırdı. Onun saçından tutaraq dəhlizə tərəf çıxaran zaman orada çəkic gördüm. Çəkici götürdüm və Saxobatın başının arxa nahiyəsinə zərbə endirdim.
Yekaterina otağa gəldi və çəkiclə Saxobata xəsarət yetirdiyimi başa düşdü. Zərbədən sonra Saxobat divana yıxıldı və başından qan gəldi. Onun öldüyünü anladım”.
“Meyiti hissələrə böldüm, müxtəlif yerlərdə zibil qutularına atdım”
Təqsirləndirilən şəxs bildirib ki, Saxobatın öldüyünü dəqiqləşdirmək üçün onu divandan yerə uzadıb:
“Saxobatın əlləri elə başının arxasında qaldı. Bir müddət sonra özümə gəldim və cinayətin izini itirmək üçün meyiti yox etməyi qərarlaşdırdım.
Saxobatın paltarlarını özüm çıxardım, Yekaterinaya isə Saxobatın üzərində olan əşyaları - telefonu, qızıl üzükləri, bilərziyi götürməsini tapşırdım. Meyiti hamama apardım. Yekaterinaya aşağı düşərək mağazadan 2 rulon zibil paketi və təmizləyici məhlul almasını xahiş etdim. Özüm də mətbəx bıçağı ilə meyiti doğramağa başladım. Başını, qollarını, ayaqlarını bədənindən ayırıb paketlərə yığdım. Ağardıcı məhlulla evi təmizlədim.
Meyitin hissələrinin pis qoxumaması və itlərin diqqətini cəlb etməməsi üçün məhlulu torbalara tökdüm. Gecə saatlarında Yekaterina ilə birlikdə həmin torbaları müxtəlif yerlədə olan zibil yeşiklərinə atdım”.
“Anası qızını bizdən soruşdu”
Eldarın sözlərinə görə, evə qayıtdıqdan sonra otaqda olan qan izlərinin hamısını yuyaraq təmizləyiblər: “Yekaterina bundan sonra necə olacağını soruşdu. Mən ona bu haqda heç kimə bir söz deməməyi tapşırdım.
Səhər açıldıqda əvvəllər restoranda işlədiyim, lakin adını xatırlamadığım iş yoldaşıma zəng vurdum, satılması üçün qızıl bilərziyin olduğunu dedim. Əşyaları dostuma aparsın deyə Yekaterinaya verdim. Həmin əşyaları ümumilikdə 15 min rubl pula satdıq. Saxobata məxsus mobil telefon isə Yekaterinada qaldı. Səhər aşağı düşərkən zibil qutularının artıq təmiz olduğunu gördüm.
Bir gün sonra əldə etdiyim pulla Yekaterina ilə birlikdə Smolensk şəhərinə getdik. Orada Yekaterinanın anasının evində qaldıq. Bir həftə sonra yenidən kirayə qaldığımız evə qayıtdıq.
Həmin ərəfələrdə Saxobatın adını xatırlamadığım anası bizə gələrək qızını soruşdu. Hadisə günü Saxobat anası ilə telefon vasitəsi ilə danışıb və bizdə qalacağını, sonra isə Moskva şəhərinə gedəcəyini deyibmiş. Anasına qızının Moskva şəhərinə getdiyini və ondan xəbərsiz olduğumuzu bildirdik.
Bundan sonra Saxobatın anası bir-iki dəfə yenə bizə gələrək qızından xəbərimizin olub-olmadığını soruşdu. Biz də məlumatsız olduğumuzu dedik”.
“Münasibətlərimiz soyudu”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən 3 ay sonra Yekaterinanın hamilə qaldığını öyrənib:
“Azərbaycanda ailəmin olduğunu və bu uşağa baxa bilməyəcəyimi bildirdim. Ondan uşağı abort etdirməsini tələb etdim. Yekaterina abort etdirəcəyi təqdirdə bir daha hamilə qala bilməyəcəyini bildirdi. Mən də qərarı Yekaterinaya buraxdım. Yekaterinanın anası mənim uşağa sahib çıxmayacağımı bildi və qızını öz yanına çağırdı. Tədricən Yekaterina ilə münasibətlərimiz soyuqlaşdı, 2009-cu ilin yay aylarında tamamilə ayrıldıq.
Yekaterina anasının yanında qaldı. Mən isə Yelena Kirsanova ilə bir yerdə yaşamağa başladım. 2009-cu ilin sonlarında Yekaterinanın övladı dünyaya gəldi. Mən doğum evinə gedərək Yekaterinanı xəstəxanadan çıxarıbevinə apardım. Bir gün sonra yenidən kirayə qaldığım evə qayıtdım. Yelena bunlardan xəbərdar olub”.
“Ailəmi təhqir etdi”
Eldarın bildirdiyinə görə, 2010-cu ilin əvvəllərində Bakı şəhərinə gəlib, bir həftə sonra yenidən Rusiyaya qayıdıb: “Bakıda olarkən nə törətdiyim cinayət hadisəsi barədə, nə də orada uşağımın olması haqda heç kimə bir söz deməmişəm.
Rusiyaya qayıdıb 15 sentyabr 2014-cü ilədək Yelena ilə birlikdə yaşadım. Yelenanın məndən bir övladı dünyaya gəldi. Törətdiyim hadisə barədə Yelenaya danışıb-danışmadığımı unutmuşam. 2010-cu ildə Rusiyaya qayıdarkən xarici pasportumun müddəti bitməyə yaxın olub və bunun üçün yenidən Azərbaycana qayıtdım, yeni pasport alıb Rusiyaya getməli oldum.
Ancaq Rusiyada işlərim yaxşı getdiyindən Bakıya qayıtmadım, pasportumun müddəti bitsə də 4 il orada qeydiyyatsız yaşadım. 2014-cü ildə isə miqrasiya rejimini pozduğuma görə mənə ölkəni könüllü şəkildə tərk etmək üçün vaxt verildi və yalnız 3 il keçdikdən sonra yenidən Rusiyaya qayıda biləcəyim izah olundu. Yelenaya tezliklə dönəcəyimi bildirdim. Yelena artıq ikinci hamiləliyə qalmışdı. Azərbaycanda olarkən telefon vasitəsi ilə onunla əlaqə saxlayırdım.
2015-ci ilin mayında Yelena uşağı dünyaya gətirdi. “Skype” proqramı vasitəsi ilə əlaqə saxlayarkən ona 3 ildən tez Rusiyaya gələ bilməyəcəyimi dedim. Yelena bundan əsəbiləşərək mənim Azərbaycandakı ailəmi təhqir etməyə başladı. Ona acıqlandım və bir daha əlaqə saxlamadım”.
Eldar bildirib ki, 2014-cü ildə Azərbaycana qayıtdıqdan sonra bir daha Rusiyaya getməyib: “Bakıda ailəmlə yaşamağa başladım. 4 yaşında bir oğlum, 15 yaşında bir qızım oldu. Valideynlərim də bizimlə bir yerdə qalırdılar.
Rusiyada törətdiyim hadisə barədə ailə üzvlərimə heç nə danışmamışam. 2017-ci ildə Rusiyadan Azərbaycana sorğu gəldi. Sorğu əsasında məni Xəzər Rayon Polis İdarəsinə dəvət etdilər. Ailə üzvlərim barəmdə Rusiyada araşdırma getdiyini eşitdi. Ancaq mən törətdiyim cinayət əməlini heç vaxt onlara etiraf etmədim”.
"Qızımın tapılacağını deyirdilər"
Zərərçəkmiş Saxobatın hüquqi varisi qismində ifadə verən Maxfirat Babayeva bildirib ki, mərhum qızı tələbəymiş: “Mən yalnız təqsirləndirilən şəxsi və onun rəfiqəsini tanımışam. Qızım onlara gedib gəlirdi.
Saxobat itkin düşəndə onlar mənə qızımın tapılacağını bildirdilər. Hətta Eldar və Yekaterina gələrək məndən axtarış üçün pul da istədilər. Qızımın 10 min dollar pulla Ermənistana getdiyini bildirdilər. Mən də onlara inandım.
Qızımı onların öldürdüyünü bilmirdim. 14 ildə qızımı axtarmadığım yer qalmadı. Həyat yoldaşımın ürəyi dözmədi və hadisədən 2 il sonra öldü. Müstəntiq qızımın öldürüldüyünü bildirdi”.
Maxfirat Babayeva həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən şəxsə qarşı 100 min manat pul tələbi ilə mülki iddia qaldırıb: “Həmin məbləğ qızımdan götürülmüş qızılların qiyməti cinayət nəticəsində mənəvi ziyanın dəyəri və həm də 14 ildə qızımın axtarışları üçün çəkdiyim xərclər daxildir. Məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini və qaldırdığım mülki iddianın təmin olunmasını xahiş edirəm”.
15 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı 17 min manat maddi və 83 min manat mənəvi zərərə görə cəmi 100 min manat pul tələbinə dair mülki iddiası qismən təmin olunub. Maddi zərərə görə 1262 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar verilib.
Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib. Ali Məhkəmədə şikayətə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, kassasiya şikayəti də təmin olunmayıb.