BAKI, 23 may. TELEQRAF
Bakının Qaradağ rayonunda qısqanclıq zəminində yaranan mübahisə zamanı qızını öldürməyə cəhddə ittiham olunan Zəngilan rayon sakini, 1958-ci il təvəllüdlü Rəfail Cavadovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti üzrə qərar verilib.
İttihama görə, hadisə 9 fevral 2024-cü ildə baş verib. Həmin gün saat 21 radələrində Rəfailin tanışı söhbət etmək üçün binanın dəhlizinə çağırıb. Ona qızının əxlaqsız həyat tərzi keçirdiyini söyləyib.
Rəfail “namusunu təmizləmək” üçün qisas niyyəti ilə qızını öldürmək qərarına gəlib. Mənzilə daxil olaraq mətbəx otağından bıçağı götürüb, dəhlizdə dayanmış qızına yaxınlaşıb. Ona anasının gözü qarşısında çoxsaylı bıçaq zərbələri vurub. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində qızın həyatını xilas etmək mümkün olub.
Məlum olub ki, zərərçəkən Rəna Cavadova özündən 14 yaş balaca oğlanla sevgi yaşayıb. 6 il bundan qabaq ilk həyat yoldaşından ayrılıb. Onlarla bir binada yaşayan Mirəli Quliyev Rənanın atasına yaxınlaşaraq deyib ki, sən necə kişisən, sənin qızının lüt şəkilləri mənim oğlumun telefonundadır. Bundan sonra Rəfail Cavadov bu sözlərə dözməyərək, qızını öldürmək istəyib.
İstintaq orqanı tərəfindən Rəfailin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəfail 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rəfail Cavadovun barəsində verilən şikayət təmin olunmayıb.
Bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilib. Daha yuxarı instansiya məhkəməsinin hakimləri kassasiya şikayətinin dəlillərini araşdıran hakimlər qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb.