
BAKI, 20 may. TELEQRAF
Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işinin araşdırılması üçün məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Məhkəmə baxışı iyunun 2-ə təyin olunub.
Abdulla Əliyev Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.
İttihama görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.
O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.
Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.