BAKI, 19 may. TELEQRAF
Tanışının qohumunun evinə tamah məqsədi ilə daxil olaraq bıçaqla hədələyib əmlakını ələ keçirməkdə təqsirləndirilən Cavidan Əhmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Cavidan Əhmədli sərbəst ifadə verməkdən imtina edib.
O, ibtidai istintaqa dediklərini təsdiqlədiyini bildirib. Məhkəmə onun istintaqa verdiyi ifadəni elan edib.
Cavidan Əhmədli ifadəsində qeyd edib ki, 14 sentyabr 2024-cü il saat 1 radələrində Solmaz Mirzəyevanın evinə girib:
“Evə girməmişdən öncə spirtli içki qəbul etmişdim. Evə girəndə pul tələb etdim və Solmazın qışqırmaması üçün ağzını əlimlə tutdum. Bıçağı göstərib dedim ki, sakit qalacağı və dediklərimi edəcəyi təqdirdə ona heç nə etməyəcəm. Sonra qızıl və pul gətirməsini istədim. Heç nə etməyəcəyimə inansın deyə bıçağı sanitar qovşağa atdım. O, 1900 dollar və 3000 manat pul gətirib mənə verdi. Mən yenə nəsə tapıb gətirməsini istədim. Daha sonra qızıl və 250 manat pul gətirdi. Onun telefonunu götürüb evdən çıxdım. Qapını bağlayıb açarı qapının üstündə saxladım. Heç kimə məlumat verməsin deyə götürdüyüm telefonu elə qapının yanında da qoydum. Ordan çıxandan sonra Südabənin yanına gəldim, onunla evə getdik. Ona 900 dollar və qızılları verdim. Etdiklərimə görə peşmanam”.
Məlum olub ki, Cavidan Əhmədli 1000 dollar və 500 manatla borclarını qaytarıb, qalan vəsaiti isə özünə xərcləyib.
Zərərçəkmiş şəxs Solmaz Mirzəyeva deyib ki, hadisəni törədən şəxsi tanımasa da, Südabəni tanıyır.
Solmaz Mirzəyeva ötən prosesdə məhkəməyə verdiyi vəsatətində bildirmişdi ki, Cavidan Əhmədli sadəcə işin icraçısıdır: “İşin təşkilatçısı mənim yaxın qohumum Südabədir. O, bizə gəlib-gedən adam olub. Mənim tək yaşadığımı, təqaüd aldığımı və özümə görə qızıl-zinət əşyalarımın olduğunu bilirdi. Cavidanı evə kimi o gətirib, amma özü çöldə gözləyib. Mən məhkəmədən işin ibtidai istintaqa qaytarılmasını istəyirəm".
Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra zərərçəkmiş şəxsin oğlu Aqşin Mirzəyev ifadə verib. Onun sözlərinə görə, hadisə barədə anası ona məlumat verib: “Anam mənə zəng vurub hadisəni danışdı. Mən həmin şəxsi görməmişəm".
Aqşin Mirzəyev istintaqa verdiyi ifadəsini təsdiq edib.
Südabə Vəliyeva məhkəməyə çağırılsa da, prosesə qatılmayıb.
Məhkəmə Südabə Vəliyevanın məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edib.
Məhkəmənin növbəti iclası iyunun 26-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin 14 sentyabrında gecə saatlarında baş verib. Təqsirləndirilən Cavidan Əhmədliyə Cinayət Məcəlləsinin 181.2.3, 181.2.4, 181.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.