BAKI, 19 may. TELEQRAF
"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Şahid Lamiyə Zəfərova təqsirləndirilən Mehriban xanımı və Hamlet müəllimi tanıdığını bildirib: "Mehriban xanımla şəxsi ədavətim yoxdur. Sadəcə aramızda müəyyən konflikt olub. Mən yanğının birbaşa şahidi olmamışam. Biz növbəli şəkildə işləyirdik. Mən işə gələndə yanğın artıq söndürülmüşdü".
Digər şahid Xəyyam Bədirov təqsirləndirilən şəxsləri tanıdığını deyib: "Perinatal Mərkəzdə qısa müddət anbardar vəzifəsində çalışmışam. Hadisəni səhər saat 9-da işə gələndə bilmişəm. Yanğın zamanı hadisə yerində olmamışam".
Şahid Əsmayə Məmmədova bildirib ki, hadisə zamanı növbədə olub: "Keçmiş xəstələrdən xəstəxanaya üçəm gələcəkdi. Çox şükür ki, gəlmədilər. Mən növbə vaxtı 2 otağa nəzarət edirdim. Oturmağa vaxtımız olmurdu. Adi bir uşağın ağzında köpük olsa belə boğula bilərdi. Ona görə nəzarətdə saxlayırdım. Gecə saat 3 idi. Təzyiqim olduğu üçün 4-cü mərtəbəyə mətbəxə dərman içməyə getdim.
İlk olaraq yanğını Validə xanım bizə bildirdi. Qışqırıq səsləri gəldi. Otağa girdim, yanğının üzü yuxarı dırmandığını gördüm. Tez alışar deyə pərdəni özümə tərəf dartdım. Yanğını söndürmək üçün sudan istifadə etdik. Alov küvəzə doğru qalxırdı. Vedrə ilə su gətirib tökürdük ki, alov böyüməsin. Mühafizəçi oğlan da gəldi. Yanğınsöndürən balonu götürüb bizə kömək etdi. Mən ümumilikdə yanğından dörd uşaq çıxartdım. Təqsirləndirilən şəxsləri tanıyıram heç bir ilə ədavətim, düşmənçiliyim yoxdur".
Növbəti məhkəmə prosesi iyunun 13-nə təyin edilib.
Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.