​BAKI, 14 may. TELEQRAF

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Elxan Əhmədov ifadə verib. O həmin zavodda fəhlə işləyib:

“Hadisə zamanı xəsarətlər almışam. Müalicə xərclərinin bir qismi ödənilib, eyni zamanda əlavə ödənişin olunacağını bildiriblər. Əgər əlavə yardım ediləcəksə, mən barışıq ərizəsini təsdiq edəcəm”.

Digər zərərçəkmiş Əli Muradov ifadəsində deyib ki, hadisədə xəsarətlər alıb: “Zavodda çalışmışam, hadisə nəticəsində xəsarətlər almışam. Mənə müəyyən ödənişlər edilib. Onlara qarşı iddia və tələbim yoxdur”.

Daha sonra Rahib Nuriyev sərbəst ifadə verib. O, ifadəsində zavodda işləmədiyini bildirib: “Sosial şəbəkə üzərindən sifarişlər götürürəm. Kəsimi orada edirəm. Hadisə zamanı xəsarət almışam, avtomobilimə ziyan dəyib. Maddi ziyan ödənilib".

Daha sonra Şahin Cəfərov, Elvin Namazov, Rövşən Abdullayev, Orxan Səfərli ifadələrində onlara dəyən ziyanın ödənildiyini və qarşı tərəfə tələblərinin olmadığını bildiriblər.

Hadisə nəticəsində həyatını itirən İlqar Məmmədovun hüquqi varisi Vüsalə Məmmədova bildirib ki, yoldaşı zavodda usta olaraq çalışıb:

“Həmişəki vaxtda evə gəlmədi. Zəng etdik, açmadı. Daha sonra Vahidlə danışdıq. O, bizə dəqiq məlumat vermədi. Dedi ki, hadisə baş verib və İlqar xəstəxanadadır. Sonra onun öldüyünü bildim. Vahid bizimlə maraqlanmır. Yoldaşım onun işçisi idi. Kirayədə yaşayırıq. Təzminat tələb edirəm”.

Daha sonra zərərçəkmiş Anar Nuriyev ifadə verib. O deyib ki, hadisədə ona 31.000 manat dəyərində ziyan dəyib: “Köməklik göstərilməsini istəyirəm. Avadanlığa ziyan dəyib, buna görə mənzilimi satdım və hazırda borca düşmüşəm. Ən azı ziyanın 80 faizinin ödənilməsini istəyirəm".

Daha sonra zərərçəmiş Tofiq Qurbanov ifadə verib: “Mənə maddi ziyan dəyib, avadanlıqlar yararsız vəziyyətə düşüb. 120.000 manat dəyərində ziyana düşmüşəm. Məcbur qalıb yanan avadanlıqları satdım. Tələbim ziyanın ödənilməsidir".

Təqsirləndirilən Tağı İbrahimov iddia ilə razılaşmayıb. Onun sözlərinə görə, iddia tələbi şişirdilib:

"Bu qədər ziyan dəyməsini əks etdirən hər hansı sübut var? 120 min manat böyük məbləğdir. Zərərçəkən iddia edir ki, avadanlıqları “metallom”a satlb. Bunu necə sübut edə bilər ki?"

Hakim bildirib ki, o, iş üzrə zərərçəkəndir və onları razı salaraq barışıq əldə etmək lazımdır: “Bu vəziyyətdə siz özünüzü onların yerinə qoyun. Burada yaxınını, sağlamlığını itirən var. Onları geri qaytarmaq mümkün deyil. Proses 1 ildir davam edir. Hələ də narazı qalan şəxslər var”.

Növbəti məhkəmənin prosesi iyunun 18-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib.

Onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.