BAKI, 13 may. TELEQRAF
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun anket məlumatları dəqiqləşdirilib.
Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov vəsatətlə çıxış edib. Vəkil vəsatətində İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib: "İsfəndiyar Axundov 6 prosesdə iştirakdan boyun qaçırıb. Növbəti proseslərdə də iştirak edib-etməyəcəyi sual altındadır. Məhkəmənin uzanmasının səbəblərindən biri də budur”.
İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov məhkəmənin müdafiə etdiyi şəxsin prosesə gəlməməsi səbəbindən uzanmadığını bildirib:
“Ötən proseslərin birində iştirak edəcəkdik. Amma qarşı tərəf prosesin təxirə salınmasını istədi. Proses bu səbəbdən baş tutmadı. Mediada dərc olunan məlumatlardan da bəllidir ki, İsfəndiyar Axundovun savadı yoxdur və hüquqi prosesləri bilmir. Onun üçün də vəsatəti əsassız hesab edirik və təmin olunmamasını xahiş edirik”.
Məhkəmə vəsatəti təmin etməyib.
Şikayətçi tərəfin digər vəsatəti İsfəndiyar Axundovun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub. Vəkil Asim Abbasov qeyd edib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir, istənilən zaman ölkəni tərk edə bilər: “Bu da məhkəmə prosesinin süni şəkildə uzadılmasına gətirib çıxara bilər. Əgər onun barəsində hansısa qətimkan tədbiri seçilsəydi, buna ehtiyac qalmazdı. Lakin qətimkan tədbirin dəyişdirilməsi ilə bağlı vəsatəti məhkəmə rədd etdi. Məhkəmədən bu vəsatətimizi təmin etməsini xahiş edirəm”.
Qarşı tərəf vəsatətin prosesi uzatmaq məqsədi daşıdığını bildirib.
Təqsirləndirilən şəxs İsfəndiyar Axundov vəsatətə münasibətdə deyib ki, fəaliyyəti dövründə bir çox insanlara mənzil sahibi olması üçün kömək edib:
"Xahiş etmişəm ki, məni həbs etsinlər, canım bunlardan qurtarsın, lakin dövlətim mənə deyib ki, sən işini gör. Mən bu işlərə məcburi cəlb olunmuşam. Emil Səməndərov bu qədər adamı aldadıb. Zərərçəkənlər də elə bilir ki, onları mən aldatmışam. Bəzən özüm deyirəm ki, məni də həbs edin. Canım irəli sürülən ittihamlardan qurtarsın. Vəsatətə münasibətdə vəkillərimlə razıyam”.
Məhkəmə vəsatəti təmin etməyib.
Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub. Vəkil Asim Abbasov İsfəndiyar Axundovun məhkum olunub-olunmadığı, eyni zamanda barəsində cinayət təqibinin olub-olmaması barəsində müvafiq orqanlara sorğu verilməsini istəyib: “Çünki məhkəmə təqsirləndirilən şəxs barəsində qərar qəbul edəndə onun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunub-olunmadığını nəzərə alır. Vəsatətin təmin olunmasını xahiş edirəm”.
Məhkəmə vəsatəti təmin edib, Daxili İşlər naziri Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti prosesi mayın 22-də keçiriləcək.
Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.
***
16:07
"Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) barəsində olan cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Teleqraf xəbər verir ki, İsfəndiyar Axundov bu gün keçirilən məhkəmədə iştirak edib.
Binəqədi Rayon Məhkəməsinin inzibati binasından çıxan İsfəndiyar Axundov Teleqraf-ın əməkdaşının "məhkəmənin gedişini necə qiymətləndirirsiz?" sualına belə cavab verib: "Get hakimdən soruş..."
Daha sonra İsfəndiyar Axundov bahalı avtomobilinə əyləşərək ərazini tərk edib.
***
14:53
"Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) məhkəməyə gəlib.
Teleqraf xəbər verir ki, onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub.
İş adamının cinayət işinə Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılır.
Xatırladaq ki, İ.Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.
Buna görə də İ.Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

