BAKI, 13 may. TELEQRAF
Ölkəyə dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməkdə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Onlara 2 il sınaq müddəti olmaqla 5 il şərti cəza verilib.
İttihama görə, onlar dəyəri 100 min manatdan çox olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyiblər.
Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyev adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalə Məmmədovanın özünə ötürmək istəyib. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Hava Limanında "Duty free" mağazasında satıcı işləyiblər.