BAKI, 12 may. TELEQRAF
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən, üç nəfərin pulunu ələ keçirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Alışan Nizami Akif oğlunun cinayət işi üzrə məhkəmənin növbəti iclası olub.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə dindirilməyən zərərçəkən iştirak etməyib.
Məhkəmədə şahid qismində xarici şirkətin Azərbaycandakı nümayəndəsi Rövşən Dadaşovun iştirakının təmin edilməsi ilə bağlı istintaq təcridxanasına müraciət ediləcəyi bildirilib.
Qeyd edilib ki, onun barəsində artıq hökm oxunub, bu səbəbdən məhkəmədə iştirakı mümkün olmayıb.
Nizami Alışanın vəkili Samir İsayev vəsatətə verərək "İnvest.az"ın Müşahidə Şurasının üzvü Ceyhun Abdullayevin şahid qismində məhkəməyə çağırılmasını xahiş edib. Vəsatət baxılmamış saxlanılıb.
Növbəti məhkəmə prosesi mayın 29-na təxirə salınıb.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb.
Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər. Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.
Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Z.Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğəninin qızı Günellə evlənib.