​BAKI, 8 may. TELEQRAF

Bakının Binəqədi rayonunda vətəndaşa kəsici alətlə xəsarət yetirməkdə ittiham olunan "D18" Hərəkatının sədri Əhməd Məmmədlinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxılıb.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Əhməd Məmmədlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "D18" Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədli vətəndaşın sağlamlığına kəsici alətlə qəsdən ağır zərər vurmaqda təqsirləndirilib.

İttihama görə, mayın 6-da gecə saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində Əhməd Məmmədli şəxsi münasibətlər zəminində 37 yaşlı Vüqar adlı şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, törətdiyi əmələ görə saxlanılıb.

Tərəflər arasında münaqişə taksidə yer üstündə baş verib.

Əhəd Məmmədli Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti törədildikdə) və 221.3-cü (Xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham olunur.