BAKI, 7 may. TELEQRAF

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev "İraq-Şam İslam dövləti"nin tərkibində çoxsaylı silahlı münaqişələrdə iştirak edib, Suriya Ərəb Respublikasının ərazində terrorçu qruplaşmaların tərkibində silahlı birləşmələrə qoşulub, Suriya silahlarına qarşı döyüşüblər. Azərbaycanın hüdudlarından kənarda insanları vahiməyə salan partlayışların həyata keçirilməsi və digər cinayətlərdə iştirak ediblər.

Bundan başqa, təqsirləndirilən şəxslər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov sosial şəbəkələrdə terrorçuluğun maliyyələşdirilməsinə yönələn çağırışlar ediblər.

Onlar imkanı aşağı olan şəxslərə sədəqə toplamaq adı ilə pul yığıblar. Topladıqları pulları mütəşəkkil dəstənin digər üzvlərinə verməklə terrorçuluğun maliyyələşdirilməsinə yönələn hərəkətlər ediblər.

Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onlar 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Məhkəmədə ifadə verən Anar Salamzadə bildirib ki, dostu Şükür Həmidli Suriyada yaşayıb, orada ailə qurub: "Onun imkanı yaxşı deyildi. Mən də onun dolanışığı üçün sədəqə toplamışam. Şükür Həmidlini Şəkidən tanıyırdım, məktəb illərindən dostluq münasibətlərimiz vardı. 2015-ci ildə ibadət edərək Suriyaya getdi və orada yaşadı. Mən onunla danışanda imkanı yaxşı olmadığını, orda müharibə getdiyini deyirdi. Oradan foto və videolar çəkərək mənə göndərirdi. Məndən dolanışıq üçün pul istəyirdi. Deyirdi ki, müharibə gedir, burada qaçqınlar var, düşərgələrdə qalırlar. Mən də ona pul göndərirdim. Həmin pula çadır almışdı.

Mən onun İŞİD üzvü olduğunu bilməmişəm, heç o, həmin terrorçu dəstənin üzvü də deyildi. Başqa silahlı qruplaşmadaydı. Özünə "Abdulvahab" ləqəbi götürmüşdü. Şükürün hökumət qüvvələrinə qarşı döyüşdüyünü bilirdim. Mən ona sədəqə adı ilə maddi yardım göndərmişəm".

Anar Salamzadə bildirib ki, Şəki şəhərində "Şəki paxlavası" satmaqla məşğul olub: "Şəkinin özündə də sədəqə verilməli xeyli insan var. Bacardığım qədər onlara da yardım etmişəm. Suriyada, Əfqanıstanda olanlar da bizim qardaşlarımızdır. Onlara da yardım etməyi özümə borc bilmişəm. Bundan başqa, Rusiyada, Türkiyədə olan yoxsul insanlara da yardım etməyə çalışmışam. Mən nə etmişəmsə, Allah qarşısında cavab verəcəm.

Mənə video göndəriblər, deyiblər, vəziyyətimiz ağırdır. Mən də demişəm ki, Allah köməyiniz olsun. Nə qədər pul atmışam, videolara baxıb atmışam. Həbs olunanda da nə olduğunu demişəm. Maddi ehtiyacları ödəmək üçün pulu göndərmişəm. Mənə yazılı hesabat göndərilməyib.

Mən Şükürü 14-15 ildir tanıyıram. Ona görə də ondan hesabat istəməmişəm. Amma demişəm ki, aldığınız dərmanın, ərzaqların videosunu at, burada göstərim ki, yığdığım pulu cibimə qoymuram. Şükür də çadırın qabağında videolar atıb, həmin videolardan görünür ki, ərzaq, dərman alıblar. Şükürün özünün də üç azyaşlı uşağı var idi. Pulu uşaqlarına, həmçinin çadırlarda yaşayan imkansız insanlara xərcləyirdi".

Təqsirləndirilən şəxs deyib ki, işdə adı keçən Elşən Mustafayevi tanımayıb. Hərbi sursatları haradan almaları ilə maraqlanmayıb və Şükür Həmidli ilə heç bir söhbət aparmayıb: "Mən özüm bunları internetdən axtarıb maraqlanmışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, Şükür Həmidli və digər tanışları İŞİD-in yox, digər silahlı qruplaşmanın üzvləri olublar: "Onlar İŞİD-ə qarşı döyüşüblər. Şükür Həmidlinin özünün kartı yox idi. Çünki Suriyada bank işləmirdi. Mən pulu xarici ölkədə Şükürün tanışı olan şəxslərin kartına atmışam, çeki də çəkərək Şükürə göndərmişəm. Həmin xarici ölkədə olanlarla Suriyada olan şəxslər şərik olublar. Xaricdəki şəxs Suriyadakı tanışına deyib ki, pul köçüb, bundan sonra həmin şəxs də pulu Şükürə çatdırıb. Onlar orada biznes qurublar. Misal üçün, 90 dollar göndərmişəmsə, 10 dollar götürüb, 80 dolları Şükürə çatdırıblar".

Digər təqsirləndirilən Xəqani Ömərov bildirib ki, işdə adı keçən Elşən Mustafayev onun yeznəsidir: "Elşən kart lazım olduğunu, ailəsini dolandırmaq üçün pul yığacağını bildirdi. Mən də öz adıma kart açdırdım, karta müxtəlif şəxslər pul atırdı. Ümumilikdə 30 min dollar pul toplandı".

Xəqani Ömərov qeyd edib ki, bacısı 2013-cü ildə birinci həyat yoldaşı Elxanla Suriyaya köçüb: "Orada bacımın birinci ailəsi dağıldı. Sonra Elşən Mustafayev ilə ailə qurdu, orada özünə ev aldı. Mən də buna görə bacıma pul göndərmişəm. Amma nə qədər pul göndərdiyimi unutmuşam. Mən pulu bacım Elşən Mustafayevlə ailə qurandan sonra göndərmişəm.

Orada müharibə getdiyi üçün Elşənə bacımı geri göndərməsini xahiş etmişəm. Amma onunla Sumqayıtda ev almaq barədə söhbətimiz olmayıb. Elşənin anası, bacısı Sumqayıtda yaşayırdılar. Onlar da Elşənə yardım edirdilər. Yardım üçün toplanan pulları kartdan çıxartdım, özümdə saxladım. 30 min dollarıydı, pulu onlara verdim. Üstünü düzəldən sonra orada ev aldılar. Pulu kimin göndərməsini bilməmişəm və tanımamışam. Xeyirxah insanlar göndərib".

Xəqani Ömərov bildirib ki, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Elşən Mustafayevlə aralarında söhbət olmayıb: "Onu "Elşən Abu Usama" adı ilə tanıyırdılar. Hazırda bacım Suriyadadır, Elşənlə birlikdə yaşayır. Elşənin nə işlə məşğul olmasını bilməmişəm. Bacımın birinci əri Elxan həbs edilib".

Növbəti proses mayın 27-də davam edəcək.