"Premium Bank" Açıq Səhimdar Cəmiyyətinin 5 saylı filialınln sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinadarı Samirə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nəzakət Məmmədxanova 7 il, Samirə Əliyeva 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Təqsirləndirilən Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edilb.
Qeyd edək ki, "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Məmmədxanova ötən ilin mayın 8-dən 23-ə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
İttihama görə, ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Samirə Əliyeva kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında onun hesabına yerləşdirib.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə "Premium Bank" zərərçəkmiş qismində tanınıb.