BAKI, 5 mart. TELEQRAF

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Şəmkir rayon sakini Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

Tural Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompyuter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

Daha sonra ifadə verən Tural Əliyev ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, əvvəllər əhəmiyyətli mühüm layihələr üzərində çalışıb. Onun sözlərinə görə, vəzifəsi İT üzrə olub: "İstehlak etmək, proqramların qurulması işləri üzərində işləmişik. Hər hansı telefonlara daxil olaraq izləmələr olmayıb. Bu proqramları şəxsən özüm üçün yoxlamışam".

Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib: "Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. Amerika saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Müdaxilə qanunsuz olub".

Tural Əliyev əlavə edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: "Lakin həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən "Facebook", "Google" və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam".

Təqsirləndirilən şəxs söyləyib ki, İsrail şirkətinə məxsus sistemə daxil olub, oradan əldə etdiyi məlumat kodlarını nüfuz əldə etmək üçün müəyyən yerlərdə paylaşıb. Onun sözlərinə görə, həmin şirkət İsrailə aid olsa da, Belarusda yerləşir.

Növbəti proses martın 18-də keçiriləcək.