
BAKI, 21 fevral. TELEQRAF
Ucar rayonunda 1993-cü il təvəllüdlü Aqil sevgi münasibətində olduğu Mayanın (adlar şərti verilib – red.) haqqında pornoqrafik məlumatlar yaymaqda ittiham olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Aqil 2006-cı il təvəllüdlü Mayanın mobil nömrəsinə 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə onun özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlədib.
Onunla nikaha girməyəcəyi təqdirdə mobil telefonunda olan fotoşəkilləri yayacağı, kənd sakinləri arasında rüsvay edəcəyi, ailəsinə zərər vuracağı məzmununda mesajlar yazıb, psixi zor tətbiq etməklə və hədələməklə onu nikaha məcbur edib.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 176-1.2-ci (qadını nikaha daxil olmağa məcbur etmə - eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan edilib.
“Nömrə istədim, vermədi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ucar rayonunun kəndində yaşayır:
“Zərərçəkmiş Mayanı 2021-ci il oktyabrın 31-də kənddə nişan mərasimində görərək bəyəndim. Onunla maraqlanmaq və ailə qurmaq qərarına gəldim. Məlum oldu ki, Əsədin qızıdır, Əsəd isə mənim atamın bibisi oğludur.
Mayanı görüb bəyəndiyim vaxt o, 9-cu sinifdə oxuyurdu. Onu görmək üçün məktəbin qarşısına getdim. Lakin cəsarət edib yaxınlaşa bilmədim. Bu səbəbdən Mayanın “Tik-tok” hesabını tapdım və oraya yazdım. Ona özümü tanıtdım və xoşum gəldiyini dedim.
Maya da mənə qarşı hisslərinin olduğunu dedi, amma məni yaxından tanımaq istədiyini bildirdi. Bir müddət danışdıqdan sonra ondan mobil telefon nömrəsini istədim. Nömrəni vermədi. Özüm-özümə səbrli olmağı məsləhət bildim”.
“Anası haqqımda söz-söhbət yaydı”
Təqsirləndirilən şəxs qeyd edib ki, bir müddət sonra Maya mobil telefon nömrəsini ona verib və telefonla əlaqə saxlamağa başlayıblar: “Münasibətlərimiz daha da yaxınlaşdı və Maya mənə elçi göndərməyi təklif elədi.
Mayanın atası elçilərimizə qızının hələ təhsil aldığını, yaşı çatdıqda evlənməyimizə etiraz etməyəcəyini bildirdi, anası isə etiraz etdi. Bundan sonra Maya ilə gizlin danışmağa başladıq. Həmin vaxtdan Mayaya müxtəlif mobil telefon nömrələrindən yazdım.
Mayanın anasının kənddə mənim xəstəliyimin və ağıl çatışmazlığımın olması haqda söz-söhbət yaydığını eşitdim. Bundan əsəbləşərək Mayaya yazdım, aramızda mübahisə yarandı. Onu və ailə üzvlərini təhqir etdim. Mayaya qaçıracağımı bildirdim. O isə yalnız ata-anasının razılığı olacağı halda mənimlə evlənəcəyini dedi”.
“Məktəbin həyətində görüşüb şəkil çəkdirdik”
Aqil bildirib ki, daha sonra Mayanı qısqandığı üçün və aralarında olan mübahisələrlə bağlı ona təhqiramiz mesajlar göndərib: “Mən evlənməyimizi istədim, əks halda birlikdə olan şəkillərimizi kənd arasında adamlara göstərərək sevgili olduğumuzu deyəcəyimi, rüsvay olduğu üçün heç kimin onunla evlənməyəcəyini, atasının onu evdən qovacağını bildirdim”.
Aqilin sözlərinə görə, 2022-ci ilin iyunun 12-də Maya ilə razılaşıb və kənd məktəbinin həyətində görüşüblər: “Bir daha Mayaya onu çox sevdiyimi, ailə qurmaq istədiyimi çatdırdım. O da qarşılığında məni çox sevdiyini bildirdi. Xatirə qalsın deyə iki pozada şəkil çəkdirdik. Sonra yenə Mayaya təhqiredici mesajlar yazdım və mübahisə etdim”.
“Məqsədim evlənmək olub”
Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü il oktyabrın 12-də Mayanın atasına zəng edib və ona arvadından şikayət edib: “Arvadının haqqımda danışdıqlarına son verməsini istədim, xəbərdarlıq etdim. Bu məsələdən sonra Mayanın atası məndən polisə şikayət etdi.
Anasının təqdim etdiyi foto və yazışmalara baxış zamanı məlum oldu ki, Mayaya “Anana de ki, dirəşməsin, sizi kəndlə bir edərəm, şəkilləri kənddə anana göstərib sənin qızın budur deməsinlər, hələ ki ona dəymirəm”, “Hər şeyi anana de, kənddə biabır olacaqsan, ondan sonra səni heç almayacam”, “Onsuz da sənin haqqında hər şey mənə çatır və çatacaq, ailənə de ki dirəşməsin”, “Qan su yerinə axacaq, hər şey açılıb töküləcək, çıx gəl qapıma, səni gözləyirəm, ailəndən imtina et”, “Çölə çıxma, başqa yerə getsən yolda vuraram səni, əzərəm, pis günə qoyaram” və sair bu kimi məzmunlu mesajlar yazmışam.
Çünki Mayanın mənimlə evlənməsini istəyirdim. Bu məqsədlə ona təzyiq göstərmişəm. Birlikdə qaçmaq barədə dəfələrlə desəm də, onu qaçırmağa heç bir cəhd etməmişəm. Maya ilə aramızda heç bir cinsi əlaqə olmayıb. Yalnız mobil telefon vasitəsi ilə yazışmışıq.
Törətdiyim əməldən peşmanam. Bir də bu cür hərəkətə yol verməyəcəm”.
“Ondan valideynlərimin də qorxduğunu düşündüm”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mayanın sözlərinə görə, Ucar rayonunun kəndində ailə üzvləri ilə yaşayır:
“2021-ci ilin noyabrında Aqil məndən xoşlanması barədə xəbər göndərərək münasibət yaratmaq istədiyini bildirdi. Mən "yox" cavabı verdim. O, müxtəlif vaxtlarda oxuduğum məktəbin qarşısına gəlməyə başladı. Hər dəfə onu görəndə tez evə gedirdim.
Aqilin hər dəfə qarşıma çıxmasından çox narahat oldum və bu barədə müxtəlif vaxtlarda anama, atama dedim. Anam və atam ayrı-ayrılıqda onunla görüşərək məndən uzaq durması barədə xəbərdarlıq etdilər.
2022-ci ilin aprel ayında dəqiq xatırlamadığım gündə məktəbdən evə gedərkən Aqil məktəbin həyətində qəfil qolumdan tutaraq məni özünə çəkdi, sonra məndən uzaqlaşaraq ağaca qoyduğu mobil telefonunu götürdü. Telefonda şəklimizi çəkdiyini dedi və şəkli göstərdi. Onunla evlənməsəm, həmin şəkili kənddə göstərib, sevgili olduğumuzu yayacağını, adıma söz çıxaracağını, atamın məni evdən qovacağını və kənddə rüsvay olacağımı söylədi.
Həm də dedi ki, ata-anamla danışarkən istənilən halda mənimlə evlənəcəyini bildirib, ata-anam isə ondan qorxublar. Həmin vaxt çox çarəsiz qaldım, heç kimin mənə kömək edə bilməyəcəyini düşündüm. Bu səbəbdən kənd içində rüsvay edilməyim, valideynlərimə heç bir şey olmasın deyə məcbur qalıb onunla danışmağa razılaşdım”.
“Kiminləsə evlənsən, toyda qan su yerinə axacaq”
Zərərçəkmiş qeyd edib ki, Aqil onun istifadəsində olan mobil nömrəyə 2022-ci ilin aprel ayından 2023-cü ilin oktyabr ayınadək mesajlar yazıb:
“Yazdığı müddət ərzində o, birlikdə qoşulub qaçmağı, nikaha girməyimizi təklif edirdi. Əks halda yaşadığım kənddə məni rüsvay edəcəyini, ailəmin mesajlaşmağımız və fotoşəkillərimizin olmasından xəbər tutacağını bildirirdi.
Deyirdi ki, kimsə mənimlə evlənsə, toyda qan su yerinə axacaq. O mənə və ailəmə xəsarət yetirməklə də hədələyirdi. Evimizi yandıracağını, ata-anamın heç bir şey edə bilməyəcəyini, polisin də məsələni onun xeyrinə həll edəcəyini söyləyirdi”.
“Məni evlənməyə məcbur etdi”
Mayanın sözlərinə görə, atası 2023-cü il oktyabrın 12-də Aqilin ona zəng etdiyini deyib: "Atam bildirdi ki, Aqil səni qaçıracağını deyir, nə baş verir? Mən ağlaya-ağlaya bütün baş verənləri ata və anama danışmağa başladım. Daha əvvəllər də mən evdə ağlayanda valideynlərim səbəbi soruşmuşdular, amma qorxu və çarəsizliyimdən baş verənləri onlara danışa bilməmişdim.
Aqillə aramızda cinsi əlaqə olmayıb.Yalnız “sms” yazışmaları olub. O, psixi təzyiq göstərməklə və təhqir etməklə evlənməyimizi istəsə, birlikdə qaçmağı təklif etsə də, məni qaçırmağa cəhd etməyib”.
Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Aqil 1 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib, müdafiə etdiyi şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növünün tətbiq olunmasını istəyib.
Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərardan narazı qalan müdafiəçi kassasiya şikayəti verib. Ali Məhkəmədə işə baxılan zaman məhkum tərəfindən hakimlərə ərizə ünvanlanıb.
Həmin ərizədə məhkum verilmiş kassasiya şikayətinin geri götürülməsini, kassasiya şikayətinin məhkəmə baxışından çıxarılmasını və geri qaytarılmasını xahiş edib.
Hakimlər onun ərizəsini təmin ediblər və məhkumun müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti geri qaytarılıb və baxılmasına xitam verilib.