
BAKI, 18 fevral. TELEQRAF
Bakının Nəsimi rayonunda 1993-cü il təvəllüdlü Cəbrayıl rayon sakini Xoşqədəm üç qadını – Nərmin, Zəminə və Leylanı (adlar şərti verilib – red.) fahişəliyə cəlb edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Xoşqədəm 2021-ci ilin dekabrın ortalarından 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində Sumqayıt şəhərində yaşayan Zəminə ilə vatsap vasitəsi ilə əlaqə saxlayıb.
O, Zəminəni müxtəlif ünvanlara göndərib, tanışı olan kişi müştərilərlə pul müqabilində görüşdürüb. Hər dəfə 50 manatını özünə götürməklə iki dəfə həmin kişi müştərilərlə müvafiq olaraq 200 manata cinsi əlaqədə olmasını təşkil edib.
Xoşqədəm təkrarən, 2022-ci il fevralın əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək yetkinlik yaşına çatmayan Nərminlə vatsap vasitəsi ilə əlaqə saxlayıb, kişi müştərilərlə görüşmək üçün onu müxtəlif ünvanlara göndərib. Onun 400-600 manat müqabilində cinsi əlaqədə olmasını təşkil edib və hər dəfə 100-200 manatı özünə götürüb.
Xoşqədəm digər qadın tanışı olan Leyla üçün də kişi müştərilər təşkil edib.
İstintaq orqanı tərəfindən Xoşqədəmin barəsində Cinayət Məcəlləsinin 171.1 (yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddələri ilə ittiham elan edilib.
“Fahişəliklə məşğul olduğunu bildim”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Xoşqədəm elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, maddi ehtiyaclarını ödəmək üçün təxminən 3-4 ildir pul müqabilində müxtəlif kişi müştərilərlə görüşərək cinsi əlaqədə olur:
“Mən öz tanışlarımla görüşmüşəm, cinsi əlaqədə olmuşam və bu yolla maddi ehtiyaclarımı ödəmişəm. Gəlir əldə etmək məqsədi ilə bəzi tanış qadınları da fahişəliyə cəlb etmişəm.
Leylanı təxminən 2022-ci ilin payız aylarından tanıyıram. Onunla Bakı şəhərində ad günü məclislərinin birində tanış olmuşdum. Bir neçə dəfə görüşmüşdük. Leylanın maddi ehtiyac səbəbindən fahişəliklə məşğul olduğunu bildim. 2023-cü ilin fevral ayının sonlarında ona təklif etdim ki, ətrafımda kişi tanışlarım var, əgər istəsə, onlarla görüşdürərəm.
Danışıq zamanı Leylanın müştərilərlə 250 manat pul müqabilində görüşəcəyi, pulun 50 manatının mənə çatacağı barədə razılaşdıq”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü il fevral ayının sonlarından avqust ayının əvvəllərinədək Leylanı kişi müştərilərlə görüşdürüb: "2023-cü ilin avqust ayından sonra Leyla ilə əlaqəm olmayıb”.
“200 manat pul təklif etdim”
Xoşqədəmin sözlərinə görə, Zəminəni təxminən 2021-ci ilin oktyabr ayında Bakı şəhərində olan restoranların birində tanıyıb və ortaq rəfiqələri olduğu üçün bir-birilərinin mobil nömrələrini götürüblər:
“Təxminən 2021-ci ilin dekabr ayının ortalarında Zəminə ilə əlaqə saxladım, sevgilimin dostu olan Səlimlə görüşdürüb, cinsi əlaqədə olması müqabilində 200 manat pul təklif etdim. Bildirdim ki, pulun 50 manatını müştəri tapdığım üçün mənə verməlidir. O da razılaşdı.
Zəminə Səlimlə görüşdü, ondan aldığı 200 manatın 50 manatını mənə göndərdi. 2022-ci ilin yanvar ayının sonlarında da onların görüşünü təşkil etdim. Səlim yenə Zəminəyə 200 manat verdi, pulun 50 manatı mənə çatdı. Həmin vaxtlardan Zəminə ilə əlaqəm kəsildi”.
“18 yaşa çatmadığını gec bildim”
Xoşqədəm bildirib ki, Nərmini təxminən 2022-ci ilin yay aylarından tanıyıb: “20 yaşında olduğunu düşünmüşəm. Mənim onunla yaxın münasibətim olmayıb. Bir neçə dəfə tanışım olan kişi müştərilərlə görüşdürərək cinsi əlaqədə olmasını təşkil etmişəm.
Nərmin mənə bildirmişdi ki, 20 yaşı var və bakirə deyil. Mən də 2022-ci il fevralın əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək onu tanış olan kişi müştərilərlə 400-600 manat pul müqabilində görüşdürmüşəm. Müştəri tapdığım üçün mənə də müvafiq olaraq 100-200 manat qazanc qalıb.
2023-cü il yanvar ayının sonlarında Nərminin 18 yaşa çatmadığını öyrəndim. Buna görə onunla mübahisə etdim, əlaqəni kəsdim. Mən bu qadınlardan başqa gəlir əldə etmək məqsədilə heç kimi fahişəliyə cəlb etməmişəm. Cinsi əlaqədə olmaq üçün görüşdürdüyüm müştərilərin şəxsiyyətləri barədə dəqiq məlumatım yoxdur. Onlarla telefon vasitəsilə əlaqə saxlamışam”.
“Ortaq rəfiqəmiz vasitəsilə tanış olmuşam”
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, təxminən 2022-ci ilin əvvəllərində Elmar adlı şəxslə yaxın münasibətdə olan zaman bakirəliyi pozulub:
“Daha sonra isə Elmarla əlaqəni kəsdim. Məni “Xoşu” ləqəbli Xoşqədəm adlı qadın fahişəliyə cəlb etdi. Onu təxminən ortaq rəfiqəmiz Mahirənin vasitəsilə tanmışam. Həmin zamanlar 13 yaşım vardı. Xoşqədəm və rəfiqələri yaşca məndən çox böyük olsalar da, birlikdə hərdənbir görüşmüşük. Mahirənin həmin vaxtı təxminən 17 yaşı vardı. Hərdən onunla görüşərək birlikdə restorana getmişik”.
“Bakirəliyimin pozulmasını da bilirdi”
Zərərçəkmiş deyib ki, 2021-ci ilin dekabrında 15 yaşı tamam olub və Xoşqədəm də bunu bilib: “Mənimlə tanış olanda da yaşımdan və digər məlumatlarımdan xəbərdar idi. 2022-ci ilin əvvəllərində Elmar adlı şəxslə münasibətdə olanda bakirəliyimin pozulduğunu ona bildirdim.
Xoşqədəmlə rəfiqə kimi münasibətim vardı, o, bir müddət bizim evimizdə də qalmışdı. Bunu bildikdə 2022-ci ilin fevral ayının əvvəllərində təklif etdi ki, ətrafında olan kişi müştərilərlə cinsi əlaqədə olaraq yaxşı qazanc əldə edə bilərəm. Xoşqədəmə bu işlə məşğul olmaq istəmədiyimi bildirsəm də, o, ətrafında çoxlu kişi tanışlarının olduğunu, onlarla görüşərək cinsi əlaqədə olsam, yaxşı pul qazanacağımı, özümə bahalı telefon və geyim əşyaları ala biləcəyimi bildirdi.
Bir qədər fikirləşdikdən sonra onunla razılaşdım. Xoşqədəm bildirdi ki, cinsi əlaqədə olduğum şəxslərə yaşımın 18-dən yuxarı olduğunu deyim, əks halda müştərilər mənimlə görüşərək cinsi əlaqədə olmazlar”.
“İkimiz birlikdə də görüşürdük”
Nərmin qeyd edib ki, Xoşqədəm mütəmadi olaraq onu tanış kişi müştərilərlə görüşdürməyə başlayıb: “Xoşqədəmə fotoşəkillərimi göndərdim ki, o da kişi müştərilərinə göndərsin.
Müştərilər məni bəyəndikdə Xoşqədəm mənə haraya getməli və hansı miqdarda pul almalı olduğumu bildirirdi. Xoşqədəm məni müştərilərlə 400-600 manat arası pul müqabilində görüşdürürdü. Puldan 100-200 manatı özünə götürürdü.
Müştəriylə tək görüşdükdə pulu özüm alırdım. Əksər hallarda Xoşqədəm də mənimlə birlikdə gəlirdi. O da başqa şəxslə görüşür və cinsi əlaqədə olurdu. Belə olan hallarda Xoşqədəm pulu müştəridən özü alırdı. Puldan 100-200 manat özünə qazanc götürür, qalan hissəni mənə verirdi.
Bəzi hallarda müştəri ilə ikimiz birlikdə görüşərək cinsi əlaqədə olmuşuq. Bu hallarda da pulu Xoşqədəm alır, öz payını götürdükdən sonra mənə çatan hissəsini verirdi. Bu qaydada 2022-ci ilin fevralın əvvəllərindən 2023-cü ilin yanvarın ortalarınadək Xoşqədəm məni fahişəliyə cəlb edib.
Xoşqədəm mənimlə 2020-ci ildə tanış olduqda 13 yaşımın olduğunu bilib. 14 və 15 yaşım tamam olanda məni təbrik də edib. Cinsi əlaqədə olduğum müştərilərə yaşımı 18-dən yuxarı demişəm. Bu təlimatı mənə Xoşqədəm verib ki, belə deməsəm, müştərilər mənimlə görüşməzlər. Xoşqədəmdən başqa məni fahişəliyə cəlb edən olmayıb”.
“Məni 9-10 dəfə kişi müştərilərlə görüşdürdü”
Digər zərərçəkmiş Leylanın sözlərinə görə, Xoşqədəm ilə Bakı şəhəri ərazisində yerləşən restoranların birində ad günü məclisində olarkən tanış olub:
“Xoşqədəmlə normal münasibətim vardı. Hərdən bir əlaqə saxlayıb danışırdıq. Bir neçə dəfədə restoranda oturmuşduq.
Təxminən 2023-cü ilin fevralın sonlarında Xoşqədəm zəng etdi. Söhbət zamanı ona maddi sıxıntılarımın olduğunu bildirdim. Bildirdi ki, ətrafında çoxlu kişi tanışları var, əgər istəsəm, onlarla görüşüb cinsi əlaqədə ola bilərəm və bu yolla maddi sıxıntılarımı aradan qaldıraram. Dedi ki, müştərilərlə 250 manat pul müqabilində görüşəcəm, pulun 50 manatını müştəri tapdığı üçün ona çatacaq. Maddi sıxıntılarım olduğu üçün razılaşdım.
Xoşqədəm məndən fotoşəkillərimi istədi. Müştərilərə göndərməsi üçün şəkillərimi ona göndərdim. Bundan sonra Xoşqədəm məni qazanc əldə etmək üçün fahişəliyə cəlb etməyə başladı. Mənə haraya getməli olduğumu bildirdi.
Onun dediyi yerə gedərək müştərilərlə cinsi əlaqədə olduqdan sonra müştəri mənə 250 manat verirdi. Pulun 50 manatını ya görüşərək onun özünə, ya da “Milli Ön” vasitəsilə hazırda xatırlamadığım kart hesabına göndərmişəm.
Sonuncu dəfə 2023-cü ilin avqust ayının əvvəllərində müştəriylə görüşə getmişəm. 2023-cü ilin fevralın sonlarından həmin ilin avqustun əvvəllərinə kimi Xoşqədəm məni 9-10 dəfə kişi müştərilərlə görüşdürüb.
Xoşqədəm mənə müştəri ilə əlaqə saxlamağa icazə verməyib. 2023-cü ilin avqust ayının əvvəllərindən sonra Xoşqədəmlə əlaqəm kəsilib”.
“Təklif etdi ki, sevgilisinin dostu ilə cinsi əlaqədə olum”
Zərərçəkmiş Zəminənin sözlərinə görə, Xoşqədəmi təxminən 2021-ci ilin oktyabrından tanıyıb: “Tanış olduqda bir-birimizin mobil nömrələrimizi götürdük. Hərdən əlaqə saxlayaraq danışsaq da, onunla heç vaxt görüşməmişdim.
Təxminən 2021-cü ilin dekabrın ortalarında Sumqayıt şəhərindəki evimdə olduğum zaman Xoşqədəm mənə mesaj yazdı. Bildirdi ki, sevgilisinin dostu ilə birlikdə evdə əyləşiblər. Təklif etdi ki, əgər sevgilisinin dostu Səlimlə cinsi əlaqədə olsam, mənə 200 manat veriləcək. Pulun 50 manatını özü götürəcək, 150 manatı mənə çatacaq. Maddi sıxıntılarım olduğu üçün onunla razılaşdım.
Taksi ilə onlara getdim. Evin tam olaraq harada yerləşməsini xatırlamasam da, "20 Yanvar" metrostansiyası yaxınlığında idi. Həmin evdə Xoşqədəmin dediyi Səlimlə cinsi əlaqədə oldum. Lakin mənə pul verilmədi. Xoşqədəm bildirdi ki, səhəri gün kart hesabıma 200 manat göndəriləcək. Mən razılaşıb oranı tərk etdim.
Səhəri gün kartıma 200 manat göndərildi. Pulun 50 manatını Xoşqədəmin kartına yolladım”.
“Bütün əlaqəmi kəsdim”
Zəminə qeyd edib ki, bundan bir qədər sonra təxminən 2022-ci ilin yanvar ayının sonlarında Xoşqədəm onunla yenə əlaqə saxlayıb, Səlimin onunla görüşmək istədiyini deyib: “Xoşqədəm bu dəfə də 200 manat veriləcəyini, 50 manatın ona verməli olduğumu bildirdi.
Onun dediyi, hazırda adını xatırlamadığım Bakı şəhərində yerləşən hotellərdən birinə getdim. Səlim məni qarşladı. Onunla cinsi əlaqədə olduqdan sonra 200 manat verdi, onun 50 manatını Xoşqədəmin kart hesabına göndərdim. Bundan sonra onunla bütün əlaqəmi kəsdim”.
Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xoşqədəmin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il 3 ay müddətinə şərti cəza verilib.