ANKARA, 19 dekabr. TELEQRAF

"Hazırda türk dünyası üçün ortaq bir media platforması yaratmağa daha çox ehtiyacımız var. Çünki dünyanın müxtəlif yerlərindən müxtəlif mövzular üzrə türk dünyasına qarşı yönəlmiş dezinformasiya yayılır".

Bunu Teleqraf-a açıqlamasında Türkiyədə keçirilən Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumunun ikinci günündə Özbəkistanın “Aloqabank”nın prezidenti, dil, mənəvi və maarif məsələləri üzrə dövlət müşaviri Xamza Djumaev deyib.

"Türk dövlətlərinin arasını poza biləcək, siyasi və diplomatik münasibətlərə təsir göstərə biləcək məlumatlar ötürülür. Bunlara qarşı möhkəm dayana bilməyimiz üçün bir platformaya ehtiyac var. Lazım gələrsə, dövlət səviyyəsində bu cür təşəbbüsün irəli sürülməsi həm dezinformasiya ilə mübarizədə, həm də etibarlı rəsmi məlumat əldə etmək baxımından son dərəcə önəmlidir. Bu, televiziya kanalı, radio platforması və ya sosial media platforması ola bilər. Yəni türk dövlətlərinin hər birinin müəyyən vaxt çərçivəsində həmin platformaya məlumat yerləşdirməsini təmin etmək lazımdır".

O, Azərbaycan, Türkiyə və Özbəkistanın media sahəsində də münasibətlərinin yaxşı olduğunu xatırladıb.

"Məsələn, mən Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Eyni zamanda Türkiyədə KGK qurumunun üzvüyəm və Özbəkistan üzrə nümayəndəsiyəm. Həmçinin Özbəkistan Jurnalistlər Birliyinin də üzvüyəm.

Eşitdiyimə görə, Azərbaycanda “Namus” adlı serial yayımlanır və çox böyük maraqla izlənilir. Bu, bizi çox sevindirir. Çünki ortaq mədəniyyətimiz var. Azərbaycan dilində olan mahnılar bizim toylarımızda da səslənir. Füzuli, Nizami Gəncəvi kimi böyük söz ustadlarının əsərlərini biz də sevə-sevə oxuyuruq.

Buna görə də Azərbaycan media sahəsində belə bir informasiya mübadiləsi aparmaq, dostluğumuzu daim gücləndirmək təkcə iki dövlət üçün deyil, bütün türk dünyası üçün çox böyük faydalar verəcək", - o əlavə edib.