Xalq artisti Zülfiyyə Xanbabayeva Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Şuşa şəhəri işğaldan azad edildi. Təəssüratlarınız necədir?
- Bir sənətçi, Azərbaycan vətəndaşı olaraq çox sevindirici günlər yaşayırıq. Hamımız Ali Baş Komandanın dediyi kimi bir yumruq kimi birləşmişik. Sevincimiz sevincimiz, kədərimiz kədərimizdir. Bir gözümüz ağlayır, bir gözümüz sevinir. Çünki şəhidlərimiz, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız var. Onların ruhları şaddır.
- "Şuşanın dağları" mahnısını Şuşada ifa edəcəksiniz...
- Mənə son günlər "Şuşanın dağları" mahnısına görə çoxlu zənglər gəlir. Allahdan Xan Şuşinskiyə rəhmət deyirəm. Nə yaxşı ki, bu mahnını oxuyub, biz də bu gün "Şuşanın dağları" mahnısını sevə-sevə ifa edirik. Əvvəl Şuşanın azad olması üçün oxuyurdum, indi isə azad edildiyi üçün oxuyacağam. Bu mahnıya nəfəs, ruh verən, onu yaradan Xan Şuşinski olub. Nə yaxşı ki, o mahnını oxudum. Məni qınayanlar da oldu ki, Şuşa işğal altındadır, niyə ifa etmisən? Mən Şuşa şəhərinin tezliklə xilas ediləcəyinə inanırdım. Prezidentimizə, xalqımıza, Ordumuza güvənirdim ki, Şuşamızı azad edəcəklər. Və bu gün həmin gündür. Həmişə arzu edirdim ki, zaman gələcək və "Şuşanın dağları" mahnısını Şuşada ifa edəcəm. Daxilimdə yanğı və həsrət var idi. İndi məğrur, başım dik, alnım açıqdır. İnşallah Şuşada oxumağı Allah qismət edər.
- Əvvəlcə işğaldan azad edilmiş hansı şəhərimizə getmək istəyərsiniz?
- İşğaldan azad edilən torpağımızın hər qarışı canımızdır, bizə əzizdir. Amma gözləyirdik ki, Ali Baş Komandan Şuşanın azad ediləcəyini nə vaxt elan edəcək? Daha çox Şuşaya getmək istəyirəm, çünki orada olmamışam. Bu yaşıma çatmışam, hələ Şuşada olmamışam. Görün, Qarabağa, Şuşaya gedəndə nə təəssüratım olacaq! Allah qoysa, hamımız birlikdə azad edilən hər qarış torpağımızı gəzəcəyik. Təki o torpaqlara ayaq basaq.
- Cəbhə bölgəsində üstünlük ordumuzdadır. Əsgərlərimizə nə demək istəyərsiniz?
- Əsgərlərimizin qarşısında baş əyirik! Onların valideynlərinin qarşısında baş əyirəm ki, Vətən üçün canından keçən övladlar yetişdiriblər. Biz hamımız bu gün qələbəni hiss edirik. Amma əsgərlərimiz tamamilə başqa cür sevinirlər. Onlar sevdikləri ilə hallalaşıb yola düşüblər, Vətənimizi qoruyurlar. Allah onları qorusun, sağ-salamat geri dönsünlər.
- Mənfur düşmənlərimiz provokasiyalara əl atdılar. Gəncədə, Bərdədə dinc əhalini atəşə tutdular. Bu haqda nə deyə bilərsiniz?
- Çox təəssüf olsun ki, ermənilər xaincə, alçaqcasına silahsız, dinc əhaliyə atəş açdılar. Bunun ad verə bilmirəm...Arxadan vurulan zərbə. İgidlərimiz döyüş meydanında onların çox gözəl cavabını verdi. Dünyasını dəyişənlərə rəhmət diləyir, yaxınlarına baş sağlığı verirəm. Buna görə yanırıq, amma eyni zamanda qələbə xəbərlərindən sevinirik. Bu gün kədərlə sevinc bir-birinə qarışıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
- Həm də hər birimiz Prezident İlham Əliyevin qələbə xəbərlərini həyəcanla gözləyirik...
- Hamımız televizorun qarşısında cənab prezidentin çıxışlarını səbirsizliklə gözləyirik. Ali Baş Komandan Şuşanın azad olunması barədə xəbərini verəndə sevincdən nə edəcəyimi bilmirdim. Rəhmətlik nənəm televizorla danışardı. İndi görürəm ki, mən də televizorla danışmağa başlamışam. Ali Baş Komandamızla qürur duyuruq. Başımız dik, alnımız açıqdır. Allah bu günü bizə çox görməsin.