BAKI, 11 iyun. TELEQRAF

Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyur. Bu mərhələ texnologiya, innovasiya və biliklər üzərində qurulur.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" adlı tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan investorlara və tərəfdaşlara sabit proqnozlaşdırıla bilən biznes mühiti, regionlar arasında strateji bağlantılar, rəqabətqabiliyyətli enerji resursları, eləcə də modernləşməyə yönələn gündəm təklif edir.

“Azərbaycandakı Amerika Ticarət Palatasının üzvlərinə və daha geniş beynəlxalq biznes ictimaiyyətinə sadə bir mesaj ünvanlamaq istəyirəm: Azərbaycan gələcəyin sənayelərinin, texnologiyalarının və imkanlarının formalaşdırılmasında sizin tərəfdaşınız olmağa hazırdır”, - deyə o əlavə edib.