BAKI, 1 sentyabr. TELEQRAF
Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının səviyyəsi 65%-i ötüb.
Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) assosiasiyasının hesablamalarında qeyd olunub.
Məlumata görə, Avropanın yeraltı qaz anbarları 65,09% dolu olsa da, bu 2011-ci ildən bəri müşahidələrin aparıldığı dövr üçün ən aşağı göstəricidir.
Müvafiq göstərici son beş ilin eyni tarixi üzrə orta göstəricidən 16,87 faiz aşağıdır. Ötən ilin eyni tarixində isə anbarların doluluq səviyyəsi 77,4% olub.
Hazırda Aİ ölkələrinin anbarlarında təxminən 71,1 milyard kubmetr qaz mövcuddur. Bu həcm ötən illə müqayisədə 13,9 milyard kubmetr azdır və 2013-cü ildən bəri ən aşağı səviyyədir.
2026-cı ilin avqustunda Aİ ölkələrinin anbarlara vurduğu qazın xalis həcmi də son altı ilin minimum səviyyəsindədir. Aprelin əvvəlindən etibarən Avropa qarşıdakı qış üçün tələb olunan qaz həcminin yalnız 59%-ni, yəni 40 milyard kubmetrini anbarlara vura bilib.
Avropa istilik mövsümünə qaz ehtiyatlarının rekord dərəcədə aşağı səviyyəsi ilə başlamaq riski ilə üzləşir. Belə ki, Avropa ənənəvi payız-qış dövrünün başlanmasına qədər qaz anbarlarını yalnız 70-75% doldura bilər. Bu isə tarixdə istilik mövsümünün başlanğıcı üçün ən aşağı göstərici olacaq.
Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək qaz anbarlarının 90% doldurulmasını təmin etməlidir. Yeraltı qaz anbarlarının doldurulması üçün mürəkkəb şərait yarandıqda 10 faizlik çeviklik tətbiqinə icazə verilir.
Beləliklə, 2026-2027-ci illərin payız-qış mövsümünün başlanmasına qədər Avropanın qaz anbarlarına normativ doluluq səviyyəsinə çatmaq üçün ən azı 68 milyard kubmetr qaz vurulmalıdır.