BAKI, 11 iyun. TELEQRAF

Azərbaycan üçün transformasiya gələcək məqsəd deyil, artıq bu günün prioritetidir.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" adlı tədbirdə çıxışında deyib.

O bildirib ki, son 20 il ərzində ölkə strateji investisiyalar, müasir infrastruktur və islahatlara əsaslanan biznes mühiti vasitəsilə uzunmüddətli inkişaf üçün möhkəm təməl yaradıb:

“Bu gün qeyri-neft sektoru iqtisadiyyatımızın əsas hissəsini təşkil edir və iqtisadi genişlənmənin başlıca hərəkətverici qüvvəsi olaraq qalır. Məqsədimiz aydındır – gələcəyin şaxələndirilmiş və innovasiyalara əsaslanan iqtisadiyyatını qurmaqla bu inkişaf tempini daha da sürətləndirmək.

Bu məqsədə nail olmaq üçün rəqəmsal transformasiyanı iqtisadi gündəliyimizin mərkəzinə yerləşdiririk.

Hesab edirəm ki, transformasiyanı yaradan yalnız texnologiya deyil. Transformasiyanı insanlar həyata keçirir. Məhz buna görə Azərbaycan insan kapitalına ciddi investisiya yatırır”.

H.Hüseynov əlavə edib ki, ABŞ-nin “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən 4Sİ Akademiyası milli proqramı vasitəsilə 10 min vətəndaş süni intellekt, məlumat analitikası, kibertəhlükəsizlik və gələcəyə yönəlmiş digər sahələr üzrə dünya səviyyəli təhsil imkanlarına çıxış əldə edib.