BAKI, 10 iyun. TELEQRAF

2025-ci ildə dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 8 milyard 944,7 milyon manat vəsait daxil olub.

Teleqraf xəbər verir ki, bu 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Bu göstərici 2024-cü illə müqayisədə 50,5 milyon manat (0,6%) çoxdur.

Məlumata görə, ƏDV üzrə daxil olan vəsaitin 95,3%-i və ya 8 milyard 524,2 milyon manatı qeyri-neft-qaz sektorunun, 4,7%-i və ya 420,6 milyon manatı neft-qaz sektorunun payına düşüb.

ƏDV üzrə dövlət büdcəsinə ölkədaxili əməliyyatlar üzrə daxilolmalar 4 milyard 622,4 milyon manat təşkil edib. Proqnoz (3 milyard 758,2 milyon manat) 864,2 milyon manat (23%) üstələnib. Eyni zamanda, ƏDV üzrə dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 201,9 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 638,7 milyon manat (17,9%), 2024-cü illə müqayisədə isə 295,3 milyon manat (7,6%) çoxdur.

Hesabatda vurğulanıb ki, bu, proqnozdan artıq icra vergi orqanları tərəfindən hesablanmış məbləğdən 799,9 milyon manat (23,5%) artıq təmin edilmiş vəsait hesabına, 2024-cü illə müqayisədə artım isə qeyri-neft ÜDM-nin nominal artım tempinin 7,7%, istehlak qiymətləri indeksinin 5,6% təşkil etməsi, eyni zamanda qeyri-neft-qaz sektoru üzrə ƏDV-yə cəlb edilən dövriyyənin artması hesabına olub.

2024-cü illə müqayisədə ƏDV daxilolmaları tikinti sektoru üzrə 101,4 milyon manat (18,9%), nəqliyyat sektoru üzrə 43,9 milyon manat (2 dəfə) artıb. Bundan əlavə, pərakəndə ticarət üzrə artım 43,8 milyon manat (14,7%), informasiya və rabitə sektoru üzrə isə 20,4 milyon manat (12,6%) təşkil edib.

Gömrük orqanlarının xətti ilə ƏDV daxilolmaları 4 milyard 322,3 milyon manat təşkil edib. Bu 2024-cü illə müqayisədə 286,8 milyon manat və ya 6,2% azdır. 4 milyard 568 milyon manat proqnoza qarşı icra 245,7 milyon manat (5,4%) az olub.

Hesabatda bildirilib ki, 2025-ci ildə idxalda ƏDV-nin proqnozla müqayisədə az icra olunmasının səbəbi faktiki idxalın proqnozlarda nəzərdə tutulandan az olması, eyni zamanda ƏDV-yə cəlb olunan idxalın həcminin azalması ilə bağlıdır.

Belə ki, 2025-ci ildə idxalın həcmi proqnozla müqayisədə 306,2 milyon ABŞ dolları (1,7%) az olaraq 18 milyard 115 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, ƏDV-yə cəlb olunan idxal proqnozla müqayisədə 1 milyard 315 milyon ABŞ dolları (9,3%), 2024-cü ilin icrası ilə müqayisədə isə 333,5 milyon ABŞ dolları (2,5%) azalıb.