BAKI, 12 may. TELEQRAF

Mayeləşdirilmiş təbii qazın (LNG) ən böyük istehlakçıları olan Yaponiya və Cənubi Koreya kömür elektrik stansiyalarında elektrik enerjisi istehsalını artırıb.

Teleqraf xəbər verir ki, buna səbəb İranla bağlı münaqişə fonunda LNG tədarükündə yaranan fasilələr və enerji daşıyıcılarının bahalaşmasıdır.

İranın ABŞ-İsrail zərbələrinə cavab tədbirləri nəticəsində Qətərdə LNG ixrac güclərinin 17%-i fəaliyyətini dayandırıb. Qətər dünyada bu qazın ikinci ən böyük ixracatçısıdır.

Yaponiyanın Elektrik Enerjisi Bazarı Məlumat Mərkəzi və Koreya Enerji Birjasının məlumatına görə, apreldə Yaponiyada qaz elektrik stansiyalarında enerji istehsalı son iki ilin minimumuna, Cənubi Koreyada isə son altı ayın ən aşağı səviyyəsinə düşüb.

Yaponiyada apreldə kömür elektrik stansiyalarında enerji istehsalı illik müqayisədə 11,1% artaraq son bir ilin ən sürətli yüksəlişini göstərib. Eyni zamanda qaz stansiyalarında istehsal 12,9% azalaraq 16 447 giqavat-saat təşkil edib.

“ICIS” şirkətinin qaz bazarı üzrə baş analitiki Fey Syuyun sözlərinə görə, Yaponiyada kömür enerjisi istehsalındakı artım apreldə təxminən dörd LNG partiyasını əvəz etməyə imkan verib.

Koreya Enerji Birjasının məlumatına əsasən, Cənubi Koreyada apreldə kömür elektrik stansiyalarında enerji istehsalı illik müqayisədə 39,7% artaraq 10 733 giqavat-saata çatıb. Bu, 2019-cu ilin avqustundan bəri ən yüksək artım hesab olunur. Qaz stansiyalarında isə istehsal 6,4% azalıb.

Apreldə nüvə enerjisi istehsalı Yaponiyada 2,7%, Cənubi Koreyada isə 14,6% azalıb. Azalma mayın ilk on günündə də davam edib.

Bu itkilər kömür elektrik stansiyalarında istehsalın artması hesabına kompensasiya olunub. Belə ki, Yaponiyada bu artım 18,3%, Cənubi Koreyada isə 14,7% təşkil edib. Qaz stansiyalarında istehsal isə Yaponiyada 23,4%, Cənubi Koreyada 12,2% azalıb.

Bundan əlavə, Cənub-Şərqi Asiyada isti hava Vyetnamda kömür elektrik stansiyalarında rekord enerji istehsalına səbəb olub. Apreldə ölkədə bu göstərici 12,3% artaraq 17 864 giqavat-saata çatıb. Hökumət məlumatlarına görə, nəticədə kömürün ölkənin enerji balansındakı payı 2024-cü ilin martından bəri maksimum səviyyəyə yüksəlib.

Londonun “DBX Commodities” şirkətinin proqnozuna görə, Çin və Hindistan istisna olmaqla, digər Asiya ölkələrinin kömür idxalı ötən illə müqayisədə 9,4% artaraq 31 milyon metrik tona çatacaq.

“Kpler” şirkətinin məlumatına görə, apreldə Vyetnamın elektrik enerjisi istehsalı üçün kömür idxalı rekord həddə – 5,4 milyon tona yüksəlib.

May proqnozlarına əsasən, kömür idxalı Cənubi Koreyada ötən illə müqayisədə 50, Yaponiyada isə 20% artacaq.

Münaqişənin başlanmasından sonra Asiyada spot LNG qiymətləri 62% artıb.