BAKI, 29 yanvar. TELEQRAF

2025-ci ildə qlobal qızıl tələbi ilk dəfə 5 min ton həddini ötərək tarixi göstəriciyə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatında qeyd olunub.

Sənəddə bildirilib ki, investisiya tələbindəki artım qlobal tələbin rekord səviyyəyə yüksəlməsində əsas rol oynayıb. Ötən il qızıl birja fondlarına (ETF) axınlar, eləcə də külçə və sikkə alışları ön plana çıxıb, mərkəzi bankların alışları isə yüksək səviyyədə qalmaqda davam edib.

Şuranın məlumatına görə, 2025-ci ildə investisiya tələbi xüsusi fərqlənib. Qlobal qızıl aktivləri il ərzində 801 ton artaraq tarixdə ikinci ən güclü illik nəticəni göstərib. Külçə və sikkə alışları isə son 12 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Mərkəzi bankların qızıl alışları 2025-ci ildə 863 ton təşkil edərək proqnozların yuxarı həddinə yaxınlaşıb.

Qızılın rekord qiyməti zərgərlik məmulatlarına tələbi azaldıb. Bununla belə, dəyər ifadəsində qlobal zərgərlik tələbatı 18% artaraq 172 milyard dollara çatıb və yeni rekord müəyyənləşib.