BAKI, 21 yanvar. TELEQRAF

"SOCAR Karbamid" zavodunun əsas hədəfi daxili tələbatı ödəməkdir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun direktoru Kutay Durna zavodun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul olunması münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, dünya bazarında karbamidin qiyməti qızıl və neftin qiyməti kimi həftəlik, gündəlik dəyişir:

“Məsələn, Misirdə, Səudiyyə Ərəbistanında, Türkiyədə və ya Avropa ölkələrində onun qiyməti təxminən 400 dollardır. Bununla bağlı yeganə müəyyənləşdirici amil logistika xərcləridir. Əgər məhsulu sata bilmədiyimiz bir dövr olarsa, əlavə logistika xərclərini də qəbul edərək ABŞ kimi digər ölkələrə də göndərə bilərik. Keyfiyyətlə bağlı heç bir problem yoxdur. Bizim ümumi karbamid qiymətinə nisbətən, məhsulumuzu sırf hazırki keyfiyyətinə görə 10-20 dollar daha baha satdığımız vaxtlar olur".

Onun sözlərinə görə, zavodun birinci hədəfi ilk növbədə daxili bazarı ödəməkdir: "Yəni daxili bazardakı bütün fermerləri təmin etdikdən sonra 85-90%-lik yerdə qalan hissəni ixrac edirik. İstehsalın hamısını sata bilirik. Sata bilməməklə bağlı problemimiz yoxdur".