BAKI, 19 yanvar. TELEQRAF

Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə müzakirə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Çin Xalq Respublikasının “Wanji” və “Sunstone” şirkətlərinin rəhbərləri ilə görüşündə aparılıb.

Məlumata görə, qonaqlara Azərbaycanda əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Sunstone” şirkəti alüminium sənayesi üçün karbon materiallarının (prebaked anode) tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.