BAKI, 11 yanvar. TELEQRAF
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.
Teleqraf xəbər verir ki, 979 ton "Aİ 92" markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
Bundan əvvəl, 18 dekabrda isə Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilmişdi.
Bununla bağlı razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.