BAKI, 25 dekabr. TELEQRAF

“BakuBus” MMC avtobus yuma stansiyasına 4 dəst avadanlığa 1.192.170,05 manat xərcləməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, “BakuBus” Xırdalan şəhərində avtobus yuma stansiyası üçün avadanlığın satın alınması məqsədilə müsabiqə keçirir.

Qeyd edək ki, “BakuBus”a məxsus avtobuslarda təmizlik uzun müddətdir müzakirə mövzusudur. Xüsusilə yağışlı havalardan sonra avtobusların pəncərələrindən ətrafı görmək mümkün olmur. Avtobusların ənənəvi rəngləri dəyişir. Halbuki "BakuBus" cəmiyyətə ekoloji cəhətdən təmiz, komfortlu avtobuslarla təchiz olunmuş ictimai nəqliyyat sistemi kimi təqdim edilir.

Beynəlxalq stanartlara cavab vermək üçün bu ildən qollarını çırmalayan “BakuBus” rəhbərliyinin atdığı addımlara sadəcə yeni avtobusların alınması, parkların yenilənməsi və elektrik nəqliyyatına keçid istiqamətində layihələrin icrası üçün iri həcmli satınalmalar keçirərək tender qalibləri ilə milyon manatlıq müqavilələr bağlamaq daxildir.

Buzovna qəsəbəsi Albalılıq ərazisində tikiləcək yeni avtobus parkının tikinti işlərinə nəzərə salsaq, bu ilin əvvəlindən MMC milyonlar xərcləyir. Hələ də avtobus parkını ərsəyə gətirə bilmir. Tender şərtlərinə əsasən Albalılıqdakı yeni avtobus parkı üzrə işlər bu ilin dekabrının 18-də bitməli idi. Lakin ortada ancaq yeni tender elanları və bağlanan müqavilələr var.

Onu da qeyd edək ki, tikinti işlərinin satınalınması ilə bağlı "Bakıyaşayıştikinti" MMC ilə bu ilin iyul ayında 12.922.360,36 manat dəyərində müqavilə imzalanıb. İşlərin başlama tarixi də müqavilədə elə iyul ayı göstərilib. Bunun ardınca “BakuBus” MMC Albalılıq ərazisində yerləşən avtobus parkınının təmir mərkəzi üçün tələb olunan alət və avadanlıqların satın alınması və quraşdırılması üçün "Toptul.Az" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 738.504,14 AZN, Albalılıq qarajı üzrə elektrik təchizatı işlərinin satın alınması ilə bağlı “Bakelektro” Açıq Səhmdar Cəmiyyəti ilə 12.255.098,48 AZN, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik enerjisi ilə işləyən avtobusları (BYD) üçün elektrik dolum stansiyalarının satın alınması və Xəzər rayonu, Buzovna qəsəbəsi Albalılıq ərazisində yerləşən avtobus parkına quraşdırılması üçün “Electrify Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.193.451 AZN dəyərində müqavilələr imzalayıb.

Eləcə də Albalılıq avtobus parkında yerləşən yuma məntəqəsi üçün portal tipli yuyucu avadanlığın alınması və quraşdırılmasının satın alınması üçün "Karcher" Məhdud Məsuliyyətli Cəmiyyətinə 436.000 AZN ödəyib.

Avtobus parkının yenilənməsi istiqamətində keçirilən müsabiqələr bununla yekunlaşmayıb. “BakuBus” işğaldan azad edilmiş rayonlar üzrə elektrik mühərrikli avtobusların satın alınması ilə bağlı Azerbaijan Energy Automotive Factory” MMC ilə 16.675.640 AZN, Bakı şəhəri üçün 160 ədəd elektrik avtobusu və onun şarj aparatlarının satın alınması üçün BYD Auto İndustry Co., Ltd-yə 86.962.437 AZN, Suraxanı rayonu Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0.4 kv daxili elektrik sisteminin qurulması işləri üçün "Bakelektro" ASC-yə 15.067.184,86 AZN, 200 ədəd elektrik şəhər avtobuslarının və əlaqəli xidmətlərin təchizatı və çatdırılması üçün "Azerbaijan Energy Automotive Factory" MMC-yə 101.973.616 AZN ödəyib.