BAKI, 28 noyabr. TELEQRAF

Oktyabr ayında vergi orqanlarına ümumilikdə 44.757 müraciət daxil olub.

Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz azdır.

Müraciətlərin 95,2 faizi ərizə, 4,7 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub.

Daxil olmuş müraciətlərdən 66,9 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 33,1 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 69,5 faizi həll olunub, 29,2 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Daxil olmuş faktiki şikayətlərdən 137-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, maliyyə sanksiyalarının silinməsi, vergi bəyannamələri, vergi ödəyicilərinin qeydiyyatı, operativ vergi nəzarəti tədbirləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), şəxsi hesab vərəqələri və digər məsələlərlə bağlı olub.

Əlavə olaraq, ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 48 vətəndaşın qəbulu təşkil edilib.