BAKI, 19 sentyabr. TELEQRAF

Sentyabr 18-də Dünya Poçt İttifaqının Konqresinin 28-ci sessiyası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş seçkilərdə Azərbaycan təşkilatın İnzibati Şurasının və Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüklərinə seçilib.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, seçkilər yüksək rəqabət şəraitində baş tutub. Təşkilatın İnzibati Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 5 vakant yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Poçt Əməliyyatları Şurasının 2026-2029-cu illər üzrə üzvlüyünə seçkilərdə 6 vakant yer üzrə ümumilikdə 10 namizəd ölkə arasında seçim edilib. Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin dəstəyini təmin edərək Dünya Poçt İttiffaqının hər iki strukturuna üzv seçilib.

*** 11:48

Azərbaycan Dünya Poçt İttifaqının (DPİ) 28-ci Konqresi çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və DPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfə eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Azərbaycan bundan sonra DPİ-nin idarəçiliyində birbaşa iştirak edəcək. Ölkə təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair qərarların qəbulunda söz sahibi olacaq.

Azərbaycan beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki əsaslarını müəyyən edən “DPİ Konvensiyası” və digər normativ sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak edəcək.

Eyni zamanda Azərbaycan DPİ-nin büdcəsinin təsdiq olunması və icrasına nəzarətdə iştirak edəcək.

Bundan əlavə, ölkə DPİ çərçivəsində öz təşəbbüslərini irəli sürmək imkanına malik olacaq.

Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatə edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində və səsverməsində iştirak edəcək.