BAKI, 22 iyul. TELEQRAF

2025-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard manat proqnoza qarşı 704,8 milyon manat (3,7 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,1 faiz çox icra edilib.

Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 5,9 faiz çox icra edilməklə 12 milyard 563,4 milyon manat təşkil edib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 111,1 milyon manat və ya 0,9 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 8 milyard 703,7 milyon manatı və ya 43,9 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 7 milyard 240,5 milyon manatı və ya 36,6 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.