BAKI, 10 iyul. TELEQRAF
BP XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib.
Teleqraf xəbər verir ki, bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır.
Bu təşəbbüs BP-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsi olmaqla şirkətin ölkə və xalqla uzunmüddətli tərəfdaşlığını bir daha vurğulayır.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, BP bu nəşri maliyyələşdirməkdən məmnundur:
“Çünki bu, Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına və təbliğinə mühüm bir töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçün yenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürur duyuruq.
Jurnalın şüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onun maarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümid edirik ki, Azərbaycanın erkən dövr mətbuatının parlaq nümunələrinin transliterasiyasını dəstəkləməklə biz, bu missiyanı bu gün də qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illik yubileyinə töhfə vermiş oluruq.”