BAKI, 23 aprel. TELEQRAF

İntensiv yağıntılar nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən Qaraçay çayı üzərindəki körpü qəzalı vəziyyətə düşüb.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə 1959-cu ildə inşa edilmiş, 101 metr uzunluğunda və 4 aşırımlı olan körpünün dayaqları güclü sel suları tərəfindən yuyulub.

Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol İdarəsinin əməkdaşları cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.

Sürücülərə müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə etmələri tövsiyə edilir.